Qadin.NET / İçdiyimiz suyun tərkibində nə var?

İçdiyimiz suyun tərkibində nə var?

Azərbaycanın yerli bazarında istənilən malı tapmaq mümkündür. Əvvəllər hansısa azərbaycanlıya nadir bir əşya və yaxud ərzaq məhsulu lazım olanda xaricə üz tuturdusa, bu gün yerli bazar çeşidli məhsullarla boldur. Lakin bolluğun fonunda istifadə etdiyimiz ərzaq məhsullarının, sərinləşdirici içkilərin keyfiyyətinə etimadımız kifayət qədər deyil.
Süfrə suyu və mineral su bazarındakı vəziyyət də bu sarıdan ürəkaçan deyil. Plastik qablarda - balonlarda qablaşdırılan və saxlanma şəraiti standartlarda göstərildiyi qaydada gözlənilməyən suyu istehlak edən vətəndaşlar bir sıra hallarda səhhətlərinə ziyan verdiklərinin fərqinə varmırlar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, həyatı axtaran birinci suyu tapmağa çalışır. Litri 30 qəpikdən 10 manata qədər olan sular satılır. Hər bir brendin isə saxta variantları da yetərincədir. Əhali məişətdə istifadə etmək üçün onu qablaşdırılmış şəkildə alır. Qablaşdırılmış suyu qaynadarkən ərp əmələ gəlirsə, onun tərkibi haqqında şübhələr yaranması şəksizdir: 
“Sərinləşdirici içkilər sektorunda belə problemlər yaşanır. Saxta limonadlar, süni dadverici, rəngverici maddələrlə zənginləşdirilən meyvəli içkilər satılır. Əmtəə bazarında satılan suların təxminən 30 faizi saxtadır və standartlara cavab vermir. Ətraf mühitə, tarlalara atılan plastik qabları antisanitar şəkildə, təmizləmədən yenisini qablaşdırırlar. İsti yay şəraitində plastik qabın tərkibindəki kimyəvi maddələr suyun tərkibinə keçir. Regionlarda, hətta Bakıda da açıq su satışı da keçirilir. Bu sahədə də böyük problemlər var. Amma onları aradan qaldıran yoxdur”.

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK