Azərbaycanda isə, o cümlədən Bakıda, ən ağır yaralı və xəstələrin xəstəxanaya çatdırılması üçün təcili yardım avtomobilindən başqa çıxış yolu yoxdur. Təcili yardım helikopterlərindən Azərbaycanda niyə istifadə olunmur?
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Milli.Az-a açıqlamasında bildirdi ki, təcili yardımın yox, Səhiyyə Nazirliyinin helikopterləri var. Baş həkimin sözlərinə görə, Bakı şəhərində təcili yardım helikopterlərinə ehtiyac yoxdur:
“Helikopterin qalxması üçün həkim briqadası helikopter meydançasına getməlidir. Pilotlar gəlməli, uçuşa hazırlanmalı, hadisə yerinə gəlməlidirlər. Bunun üçün bir saatdan da çox vaxt sərf olunur. Helikopterlərin təcili yardım stansiyasında dayanması da mümkün deyil, çünki ona texniki xidmət lazımdır. Bu xidməti yerinə yetirmək üçün mütləq xüsusi yerdə olmalıdır. Bakı şəhərində elə bir ərazi yoxdur ki, oraya təcili yardım briqadası yarım saatdan gec getsin. Təcili yardım stansiyaları arasındakı məsafə elədir ki, birindən digərinə 15 dəqiqəyə gedirsən. Hadisə baş verən ərazinin də yaxınlığında ən uzaq məsafə 3 kilometr olur. Bu məsafəni də təcili yardım maşını 15 dəqiqəyə gedir. Ona görə də helikopterin hadisə yerinə getməsinə ehtiyac yoxdur”.
M.Həmidovun fikrincə, helikopterdən dənizdə fəlakət baş verəndə, hündürmərtəbəli binanın ən yuxarı hissəsində faciə olanda istifadə oluna bilər:
“Əgər lazım olarsa, təcili yardımın helikopterlərindən istifadə oluna bilər. Helikopterlərdən magistrallarda, rayonlararası yollarda kütləvi, fövqəladə hadisə baş verərsə, istifadə oluna bilər. Hər halda, bu gün belə bir zərurət olmayıb. Bizim təcili yardım helikopterinin bir dəfə Qəbələyə uçmaq zərurəti olub. Qarabağ müharibəsində daim helikopterlərdən istifadə olunub. Helikopter təcili yardım stansiyasının yaxınlığında olsa və ciddi hadisə olarsa, mümkündür”.
Mənbə: Milli.Az