Uşaqlarımız hər mağazaya daxil olanda bizi “jelibon” almağa məcbur edir. Düzü, çoxu kimi mən də bu vaxta qədər bu dadsız, çeynənməyən qida məhsulunun nə olduğunu tam başa düşməmişəm. Axı uşaqlar bu rəngli, fiqurlu “şirni”lərdə nə görüblər? Jelibonlar jelatin adlı qatqı maddəsindən istifadə olunaraq yaradılır. Bəs jelatin necə əldə olunur?
Milli.Az qafqazinfo-ya istinadən jelatinlə bağlı maraqlı araşdırmanı diqqətinizə çatdırır. Qeyd edilənlər, mövcud olan həqiqətin elə özüdür.
Donuzdan hazırlanan jelatin ucuz başa gəlir
Jelatinin bir qatqı məhsulu kimi yaranması 1845-ci ilə təsadüf edir. Onu ilk kəşf edən Piter Kuper olsa da, ondan 50 il sonra jelatin yaradıcısı kimi Perl Ueytin adı çəkilir. Hər iki müəllifin kəşfində donuzun dəri və sümükləri rol oynayıb. Elə indinin özündə də dünyada istehsal olunan jelatinin 70%-ə yaxını məhz bu heyvanın tullantılarından meydana gəlir.
Yəqin ki, xaş xörəyini sevənlər soyuducuda qalan xaşın vəziyyətini bilirlər. “Holodes” kimi adlandırılan xaşın özü jelatinin xüsusiyyətinin göstəricisi ola bilər.
Jelatin hollogen olub, mineral maddələrlə zəngin məhsuldur, deyirlər. İribuynuzlu heyvanlar - inək kimi və ya dediyim kimi donuzun qalıqlarından hazırlanır. Xüsusi texnologiya ilə istehsal olunan jelatin qoxusuz, şəffaf rəngdə olur. Elə ən keyfiyyətli olanı da budur. Jelatin bitki mənşəli-dəniz yosunlarından, və ya dənli bitkilərdən də hazırlana bilər. Balıqdan əldə olunan jelatin isə daha xeyirli və qiymətlidir. Jelatin zülal deposu olduğundan yapışqanlıq xüsusiyyətini daşıyır, eləcə də qatqı maddəsi kimi yeyinti sənayesində daha çox istifadə olunur. Təssəvvür edin ki, yediyimiz çox məhsulların tərkibində jelatin var. Süd məhsullarında (misal üçün krem-şantidə köpük olsun deyə), dondurma, qatıq, konfet, marmelad, yoqurt, biskvitlərdə, konservlərdə, ketçub, saqqız kimi məhsulların tərkibində jelatin var. Jelatin təkcə yeyinti sənayesində deyil, kosmetikada, əczaçılıqda, kağız istehsalında, hətta fotoqrafiyada istifadə olunur. Jelatin qatıldığı məhsullarda qatılaşdırma, elastiklik effektini verir.
Hər il dünyada 380 min ton jelatin istehsal olunur
Dünya ölkələri, xüsusən Avropa ölkələri jelatin istehsalçıları arasında öndə gəlir. Bu məsələdə də dini mənşə rol oynayır. Aparıcı jelatin istehsalçıları xristian olduğundan və ucuz başa gəldiyindən donuzun dəri və sümüklərini toplayırlar. Bunun üçün məşhur zadvodlar var. Protein mənbəyi olan jelatinin bir tonu dünya bazarında 1-6 min $ arasında dəyişir. Bu qiymət fərqi jelatinin də müxtəlif dərəcəli keyfiyyətə malik olmasını göstərir. İl ərzində dünyada 380 min tondan çox jelatin istehsal olunur. Əlbəttə ki, bu jelatin alıcıları arasında müsəlman ölkələri də var. Müsəlman ölkələri donuz jelatinini haram hesab etdiyindən, daha qiymətli olan inək və ya başqa yolla əldə olunan jelatinin alıcısına çevrilir.
Türkiyə öz jelatinini istehsal edir
Türkiyənin illik jelatinə olan tələbatı 5 min tondur.
Müsəlman ölkələri arasında Türkiyə halal məhsuldan istifadəyə daha çox üstünlük verir. Bizdən fərqli olaraq, Türkiyədə bu problem şəffaf həllini tapıb. İllərdir, burada GİMDES – Halal Qida Araşdırma və Sertifikatlaşdırma Dərnəyi fəaliyyət göstərir. Bu qurum Dünya Halal Qida Birliyinə bağlı birlikdir. Şəffaf fəaliyyəti ilə ölkədə nüfuz sahibidir. Konkret jelatin məsələsinə gəlincə, burada artıq jelatin istehsal edən zavodlar fəaliyyət göstərir. İstehsalçı firmalar məhsullarının qiymətə minməsi üçün yerli jelatin almağa üstünlük verirlər.
Bizim jelatinimiz hardan gəlir?
Təəssüf ki, bu sualı cavabsız qoyacağam. Adını vermək istəməyən qida texnoloqunun sözlərinə görə, Azərbaycanda bu məsələni heç problem etmirlər. Çünki daha vacib məsələlərin həlli cavabsız qaldığı halda bu barədə fikirləşməyə dəyməz: “Bu gün mağaza və marketlərdə rəngləndirilmiş və ya sadə jelatinlər satılır. Daha çox süd məhsulları istehsalında jelatindən istifadə edirlər. Təssəvvür edin ki, normalda 2 litr süddən 1 kilo qatıq alınırsa, jelatinin qatılaşdırma “möçüzə”si sayəsində 1 litr süddən elə 1 kq qatıq alınır. Bəlkə də bu, hələ aşağı göstəricidir. Eləcə də xaricdən hazır gələn məhsulların çoxunun tərkibində jelatin var. Donuz və ya başqa heyvandan əldə olunub, bunu heç kəs bilmir. Ümumiyyətlə, bu məsələ barədə düşünən belə yoxdur. Halbuki donuzun sür-sümüyü və dərisindən yaranan jelatindən istifadə halal məhsul axtaran alıcının da hüquqlarını pozur. Baxın, aylardır, kolbasa-sosiskayla bağlı “halal” məsələsinin söz-söhbəti gedir. Hələ də konkret fikir ortaya qoyulmayıb. Bu səbəbdən alıcılar özləri oyaq olmalıdırlar.”
Bu arada qeyd edim ki, uşaqların sevə-sevə, amma əziyyətlə yediyi jelibonların çoxu da həmin donuz mənşəli jelatindən hazırlanır.
Bir də balıq qılçıqlarından hazırlanan jelatinlər var. Yəqin ki, apteklərdə satılan həb (içində balıq yağı olan) formasında belə məhsula rast gəlmisiz. Uşaqlar üçün daha xeyirli olanıdır.
Jelatinin əvəzləyicisi kimi “agar” adlı balıq yapışqanından da istifadə edirlər.
Mənbə: Milli.Az