İslandiya iqtisadi böhrandan xilas olmaq və köhnə günləri unutmaq üçün maraqlı bir yol tapıb. Belə ki, islandlar ölkənin adını dəyişdirməyi qərara alıblar. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.
İtalyanın "Corriere della Sera" qəzetinin xəbərinə görə, İslandiyanın yeni adını ölkəyə səfər edən əcnəbi turistlər müəyyənləşdirəcəklər. Belə ki, turistlər paytaxt Reykyavikin hava limanında qoyulan qutulara öz versiyalarını yazıb atmaqla bu yarışa qoşulacaqlar.
İslandiya Turizm və Tanıtma Birliyi ilə İslandiya Sənayeçiler və İş Adamları Konfederasiyası tərəfindən təşkil edilən yeni ad yarışı 2013-cü il martın 21-də başa çatacaq. İlkin ehtimallara görə, əcnəbi turistlərin ölkəyə verdikləri adlar arasında aşağıdakılara daha çox təsadüf olunacaq:
· Niceland: Gözəl ölkə
· Birdland: Quşlar ölkəsi
· Volcanoland: Vulkanlar ölkəsi
· Eyyafyallayoekulland
· Cloudland: Buludlar ölkəsi
Və nəhayət viking dənizçisi Floki Vilgerdarsonun şərəfinə Flokiland.
Yenə eyni qəzetin yazdığına görə, "Buz ölkəsi" mənasını verən İslandiyanın yeni adının sahibinə simvolik olaraq bir torpaq payı hədiyyə ediləcək.
Xatırladaq ki, 2008-ci ildə yaşanan böhran zamanı İslandiya iflas etdiyini bəyan etmişdi. Həmin dövrdə BVF və digər Avropa ölkələri 11 milyon avro borc verərək ölkəni çətin iqtisadi vəziyyətdən xilas etmişdilər.
2010-cu ildə isə Eyyafyallayoekul vulkanının yenidən püskürməsi nəticəsində yaranan kül buludu ölkə üçün ciddi problemlərə səbəb olmuş, Amerika ilə Avropa arasındakı təyyarə uçuşlarının tamamilə dayanmasına gətirib çıxarmışdı.