Qulançar diabetlə fəal mübarizə aparan məhsulların siyahısına düşmək üçün bütün şanslara malikdir. Belə ki, bu bitkidən gündəlik istifadə qanda şəkərin miqdarını azaldır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Daily Mail" qəzetinə istinadən xəbər verir.
Məlumdur ki, insanın qida rasionunda yağlı məhsullar və bütovlükdə qeyri-sağlam həyat tərzi diabetin inkişafı riskini artırır. Amma böyük konsentrasiyada qulançar cövhəri mədəaltı vəzin insulin hazırlamasına müsbət təsir edir.
Pakistanın Kəraçi Universitetinin əməkdaşları apardıqları tədqiqat zamanı buna əmin olublar. Alimlərin fikrincə, qulançardan müntəzəm istifadə şəkərə nəzarət etməyə imkan verir və orqanizmdə insulinin hazırlanmasını aktivləşdirir. Onlar siçanlara diabetin inkişafına gətirib çıxaran kimyəvi birləşmə vurublar. Heyvanların yarısı 28 gün ərzində böyük və kiçik dozalarda qulançar cövhəri, qalanları isə diabetə qarşı dərman, yəni qlibenklamid alıb.
Gəmiricilərin vəziyyətinin izlənməsinə qan analizləri kömək edib. Nəticədə məlum olub ki, az miqdarda qulançar cövhəri şəkərin səviyyəsini aşağa salsa da, insulinin istehsalına kömək etməyib. Lakin yüksək doza hər iki göstəriciyə yaxşı təsir edib.
Qeyd etmək lazımdır ki, hələ 2006-cı ildə Böyük Britaniyada dərc olunan "British Medical Journal"-ın hesabatında qulançarın müsbət xüsusiyyətlərindən bəhs edilirdi. O zaman sübut edilmişdi ki, qulançar əzələlərdə və başqa toxumalarda şəkəri 81 faiz daha yaxşı mənimsəməyə kömək edir.
trend.az