Yaponiyanın Naqoya Universitetinin əməkdaşları Suyoşi Şimmura və Takaşi Yoşimura xoruzların səhərin açılmasını necə öyrəndiklərini araşdırıb. Trend-in çərşənbə günü Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, araşdırma çərçivəsində bir neçə xoruz içinə kamera yerləşdirilmiş qaranlıq otaqda saxlanılıb.
Bu zaman xoruzlar günün bütün vaxtı banlasa da, çoxu Günəş doğarkən banlayıb. Günəş işığı görmədən 2 həftə qaranlıq otaqda saxlanılan xoruzların bioloji ritmləri getdikcə pozulub və onlar daha az banlamağa başlayıblar.
Daha 2 həftə qaranlıq otaqda qalan xoruzlar 24 saatlıq bioloji ritmlərini tamamilə itirib və nəticədə Günəşin çıxmasını ayırd edə bilməyiblər. Ümumilikdə, 1 aya yaxın qaranlıq otaqda saxlanılan xoruzların işıq görmədikləri üçün bioloji ritmlərinin tam pozulduğu məlum olub. Bu ritmin yenidən işə düşməsi üçün xoruzların işığa ehtiyac duyduqları öyrənilib.