Qidalanma məsələləri üzrə məşhur avstriyalı ekspert Karl Haynts Vaqner qış aylarında sitrus meyvələri yeməyin heç bir faydası olmadığını, əksinə, onların daha çox ziyan vurduqlarını bildirir. Dietoloq fikrini portaqalın və naringinin orqanizmi sərinlətmək xüsusiyyəti olması ilə əsaslandırır.Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu da immuniteti darmadağın edir. Odur ki, sitrus meyvələri Yeni il bayramının ən sevimli meyvələri hesab edilsələr də, onlara o qədər də aludə olmağa dəyməz.
Yeri gəlmişkən, həkimlərin soyuqdəymənin profilaktikası və müalicəsində C vitamininin səmərəsiz olduğunu sübut etdikləri bəlkə də çoxlarına məlum deyil. Belə ki, bu vitaminin rasiona daxil edilməsi müalicədə irəliləyişə son dərəcə cüzi təsir edir. Lakin buna baxmayaraq, Vaqnerin fikri ilə heç də hamı razılaşmır. Bəzi mütəxəssislər narıncı meyvələrdə insan orqanizmini ilin qış dövründə müdafiə edən karotinoidlərin olduğunu bildirirlər.