İnək südündən alınmış anticisimlər insanı immun çatışmazlığı virusundan (İİÇV) qoruya bilər. Bu barədə Trend Avstraliyanın "Herald Sun" qəzetinə istinadən xəbər verir.
Avstraliyanın Melburn Universiteti alimlərinin apardıqları sınaqlar göstərib ki, boğaz inəyə İİÇV zülalları yeridiləndə heyvanların orqanizmində anticisimlər yaranmağa başlayır. Həmin anticisimləri heyvanların südündən almaq mümkündür.
Qeyd edək ki, laboratoriya şəraitində bu anticisimlər İİÇV ilə əlaqələndirilir və onlar virusun insan hüceyrələrinə daxil olmasına imkan vermir.
O da bildirilir ki, bir inək bir kiloqrama qədər anticisim verir. Bununla da anticisimlərin maksimum ucuz mənbəyi əldə olunub. Doğrudur, alimlər hələ onların insan üçün təhlükəsizliyini sübut etməlidirlər.
Yeri gəlmişkən, alimlər artıq həmin anticisimlərdən cinsiyyət əlaqəsinə qədər 12-24 saat ərzində vaginal istifadə üçün gel və ya krem yaratmaq istəyirlər. Bu, qadının yoluxmadan hamilə qalmağı arzu etdiyi zaman xüsusilə rahatdır.