Qadin.NET / Qədim Misir stomatoloqlarının metodu alimləri heyran edib

Qədim Misir stomatoloqlarının metodu alimləri heyran edib

Qədim Misir stomatoloqlarının metodu alimləri heyran edib

Qədim mumiyanın kəlləsi tədqiq edilərkən alimlər dişlərin müalicəsinin nadir üsulunu aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə Britaniyanın "Daily Mail" qəzeti xəbər verir.

Kompüter tomoqrafiyası göstərib ki, iki min il bundan əvvəl misirli stomatoloqlar "plomb" (çürük dişə doldurulan maddə) əvəzinə çox güman ki, sidr yağı hopdurulmuş kətan parçadan istifadə ediblər.

Beləliklə, onlar bu yolla qidanın dişdəki boşluğa düşməsinə mane olublar, yağ isə ağrını yüngülləşdirirmiş. Alimlərin sözlərinə görə, onlar belə müalicə üsulu ilə ilk dəfədir üzləşirlər. Bu metod qədim Misir stomatoloqlarının iş metodlarının siyahısına əlavə edilib.

Mumiyanın kəlləsindəki kətan qırığı hələ 1990-cı illərin ortalarında aşkar olunsa da, o dövrün texnologiyası tam analiz aparmağa imkan verməyib. İndi mütəxəssislər kəllənin 20-30 yaşlarında olan kişiyə məxsus olduğunu müəyyən ediblər. Bu şəxsin dişlərindəki çoxsaylı absesslər hansısa məqamda sinusit xəstəliyinə yol açıb. Alimlər ehtimal edirlər ki, bir neçə həftədən sonra onun ölümünə səbəb də məhz bu xəstəlik olub. Ekspertlər gəncin dəhşətli ağrılardan əziyyət çəkdiklərini qeyd edirlər. Onun dişlərinin vəziyyəti isə müasir səhiyyə şəraitində belə, sağlamlıq üçün ciddi təhlükə törədə bilərdi.

Mənbə:trend.az

 

11 aprel 2014
GO BACK