Amerikalı paleontoloqlar indiyədək insanlara məlum olan ən qədim daşlaşmış beyni aşkara çıxarıblar. Bu beyin 500 milyon il əvvəl Çinin Yunyan vilayətinin ərazisində yaşamış buğumayaqlıya aiddir. Trend-in məlumatına görə, bu barədə BBC-nin rus xidməti məlumat verir.
Alimlərin fikrincə, tapıntı müasir həşəratların beynindən çox az fərqlənir. Bu kəşf sübut edir ki, beynin əsas xüsusiyyətləri müəyyən olunduqdan sonra təkamül prosesində o, xırda dəyişikliklərə məruz qalıb.
Buna qədərki qədim beyin 2009-cu ildə tapılan və 300 milyon ildən artıq süxurda yatıb qalan balıq beynidir. Bu daşlaşmış qədim balıq ABŞ-ın Kanzas ştatında tapılıb və beyin qutusunun üçölçülü modelinin daha ətraflı qurulması üçün Fransaya göndərilib.
Tədqiqatçılar sonda belə nəticəyə gəliblər ki, balığın daşa dönmüş beyninin quruluşunun kəllə qutusunun quruluşu ilə bağlılığı zəifdir. Bu, insanlıq tarixindən əvvəlki heyvanların beyininin quruluşu haqqında daha əvvəl əldə edilmiş nəticələri şübhə altında qoyur. Alimlər bildirirlər ki, çünki məhz beynin təkamülü heyvanlar aləminin təkamülünün bütün gedişini müəyyən edir.
Mənbə:trend.az