Ermənistanda siyasi vəziyyət artıq absurd teatrının mizan-səhnələrinin sıralandığı ucuz şounu xatırlatmağa başlayıb. Ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi (EMK) hakimiyyətlə sürəkli danışıqlar və sövdələşmələr aparmaqla yanaşı, bütün mitinqlərdə "qətiyyətlə pislədiyi" Robert Köçəryanla da siyasi alış-verişlərdədir.
L.Ter-Petrosyan son çıxışlarından birində söyləyib ki, sən demə, "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) arxasında R.Köçəryan durmur.
Daha doğrusu, EMK liderinin sözlərinə görə, Köçəryan ÇEP-dən çox uzaqdır və əslində Ermənistan siyasətində öz merkantil maraqlarını güdərək məqsədlərinə çatmağa çalışır: "Bu insan müxalifət düşərgəsinin aparıcı qüvvələrinin mövqelərindən yararlanmağa, hakimiyyətə qayıtmaq üçün ən müxtəlif vasitələrdən istifadə etməyə can atır. Bəzi partiya liderləri də Robert Köçəryanla kuluar danışıqları aparır, müəyyən vədlər və yardımların müqabilində siyasi dəstəyə əl atmağa meylli olduqlarını göstərirlər".
ÇEP-lə Robert Köçəryan arasında "heç bir əlaqənin olmaması" barədə iddialar aşkar yalan, Ermənistandakı kütləni növbəti dəfə aldatmaq cəhdi olmaqla yanaşı, Robert Köçəryanın böyük siyasətə qayıdışını "müstəqil cəhd" kimi formalaşdırmaq istəyirdir.
Halbuki...
ÇEP-in yaradılmasına göstəriş verən və sonra da onu faktiki idarə edən Robert Köçəryandır: bu partiyanın sədri, oliqarx Qagik Sarukyan özünü aktiv siyasətçi kimi göstərməyə çalışsa da, kölgədə duran sahibinin göstərişlərini yerinə yetirməkdədir.
ÇEP-in son iki ildəki, xüsusilə də ötən il keçirilmiş parlament və prezident seçkilərindəki davranışları, bəyanatları və xüsusilə də müxalifət düşərgəsindəki partiyalarla bağlı tutduğu mövqelərini sürəkli dəyişməsini xatırlasaq, Robert Köçəryanın qarşısına qoyduğu məqsədə çatmaq üçün məqbul bildiyi bütün vasitələrdən faydalanmaqda qərarlı olduğunu demək olar.
Ermənistanın sabiq prezidenti ilk əvvəl parlamenti ələ keçirməyə çalışsa da, niyyətinə çatmadı. O, seçkilərdə ÇEP-in yetərincə səs qazanaraq ali qanunverici məclisdə güclü fraksiya formalaşdıracağını, eyni zamanda hakimiyyət düşərgəsində olan tərəfdarlarının "müstəqil" namizədlər qismində mandat qazanaraq parlamentdə əhəmiyyətli gücə çevriləcəyini planlaşdırmışdı.
Serj Sarkisyan təbii ki, bu planların reallaşacağı təqdirdə hakimiyyətinin çox təhlükəli vəziyyətlə qarşılaşacağını anladığından əvvəlcə ÇEP-ə ağır zərbə endirdi, partiyanın ideoloqu, sabiq xarici işlər naziri Vardan Oskanyanı maliyyə cinayətlərində suçladı.
V.Oskanyana və onun başçılıq etdiyi "Veritas" fonduna qarşı başlanmış "vergidən yayınmaqla bağlı" cinayət işi əslində Qagik Sarukyana xəbərdarlıqdı.
Oliqarx bunu anladı və Robert Köçəryanın qəzəbli göstərişlərinə, əmrlərinə rəğmən geri çəkildi.
Sonra prezident seçkiləri oldu və ÇEP Yerevandakı politoloqların bütün gözləntilərinə rəğmən, öz namizədi ilə səsverməyə qatılmadı.
Bu isə Robert Köçəryanla Qagik Sarukyan arasındakı münasibətlərin xaotik forma almasının, ÇEP sədrinin əslində partiyanın sahibinin göstərişlərini yerinə yetirməkdən boyun qaçırmasının nəticəsi idi.
Səbəblər trivialdı və siyasətlə heç bir əlaqəsi yoxdu.
Qagik Sarukyan prezident seçkilərində dövlət başçısı, ikinci dəfə seçilmək üçün bütün resursları işə salmış Serj Sarkisyana rəqib olacağı, ya da ki ÇEP-in başqa namizədlə seçkilərə qatılacağı təqdirdə repressiyaların başlayacağını əla bilirdi.
O anlayırdı ki, Robert Köçəryanın əmrlərini kor-koranə, müticəsinə yerinə yetirərsə, seçkilərdən sonra ağır cəzalara məruz qalaraq varidatını itirə bilər.
Hətta həbs olunma ehtimalını da bilmərrə istisna etmək olmazdı - axı Serj Sarkisyan ona aşkar meydan oxuyanları qərarına peşman etməyi "sevən" insan kimi tanınır.
Seçkilər başa çatdı, ara sakitləşdi və ÇEP yırtılmış maskasını bərpa etmək, olmayan mənəviyyat sahibi olduğunu göstərmək üçün "Sarkisyan rejiminə qarşı müxalifət"ə keçdiyini bəyan etdi.
Qagik Sarukyan indi guya müxalifətdədir və psevdoliderlik edərək lüzum yaranarsa, küçələrə yüz minlərlə insanı çıxaracağını deyir.
Erməni müxalifətçiləri və iqtidar mənsubları ilə yanaşı, adi vətəndaşlar da anlayırlar ki, ÇEP lideri ən yaxşı halda tərəflərin istifadə etdikləri oyuncaq, onun başçılıq etdiyi partiya isə Serj Sarkisyanla Robert Köçəryan arasında fasiləsiz sövdələşmələr və siyasi alver üçün vasitədir.
Üstəlik, indi oyun qaydaları dəyişib. Ermənistan prezidenti Serj Sarkisyan son seçkilərə qədər Robert Köçəryanın aktiv siyasətə qayıdışına imkan verməməyə çalışırdısa, indi müxalifəti daha da zəiflətmək və ona qarşı olanların düşərgələnərək təmərküzləşmələrinə yol verməmək üçün sabiq prezidentin "qismən qayıdışı"na rüsxət verərək situasiyanı öz xeyrinə ağırlaşdırmaq fikrindədir.
Eyni zamanda S.Sarkisyan belə qayıdışın təməlini qoyaraq siyasi prosesləri "hakimiyyət-müxalifət" səngərlərindən "hakimiyyət iqtidardakı düşərgələrə qarşı" müstəvisinə keçirmək niyyətinə düşüb.
Robert Köçəryan iqtidarın durumunun çox mürəkkəb, hətta ağır olduğunu anlayaraq hakimiyyətə qayıtmaq üçün bu şansdan yararlanmaq, habelə mövqelərindən sürəkli geriləməni pərdələmək istəyir.
Təbii, Serj Sarkisyan və Robert Köçəryan arasında anlaşmalar belə olmadığından onlar sövdələşmələrin şərtlərinə yenidən baxıblar.
Ermənistan prezidenti uğursuzluqların bu qədər artacağını, daxili və xarici siyasətdə rüsvayçı yanlışlıqları sıralayacağını təxminləyə bilməzdi.
Belə təxminlər üçün normal siyasi intellekt gərəkir ki, o da Sarkisyanda yoxdur və sonucda kollapsların sayı artır, Robert Köçəryan da iqtidarın tam zəifləməsinə, EMK sədri Levon Ter-Petrosyanın mövqelərinin güclənməsinə yol verməmək üçün nifrət etdiyi S.Sarkisyana yardım etməyə çalışır.
Robert Köçəryan dərk edir ki, əks təqdirdə Serj Sarkisyanla yanaşı, onun da gələcəyi təhlükədə ola bilər.
Belədirsə, Serj Sarkisyan indiyədək "batırmağa və susdurmağa" çalışdığı Robert Köçəryanı irəli çəkməyə davam edəcəkmi? Və ya Robert Köçəryan onun sözlərini dinləməməklə bağlı presedentlərin sayını artıran, Ermənistan prezidenti ilə separat, özü də kuluar danışıqlara gedən Qagik Sarukyanı partiya rəhbərliyindən kənarlaşdırmağa çalışacaqmı? Ən nəhayət, belə situasiyada EMK ilə yanaşı, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun və İrs Partiyasının sədri Raffi Hovannisyan nə etmək fikrindədirlər?
Bu və başqa sualların cavabını ən yaxın zamanlarda öyrənəcəyik.
O da məlum ki, Robert Köçəryanla Serj Sarkisyan aralarındakı sövdələşmələrin təfərrüatlarını, şərtlərini və nüanslarını kimsə ilə bölüşən deyillər. Hər halda Ermənistan Konstitusiyasına zidd olan mexanizmləri bəyan etmək üçün onlar siyasi idiotizmə tutulmayıblar.
Mexanizmlərin Konstitusiyaya zidd olduğunu isə 2007-ci ildən bəri Ermənistanda yaşanan hadisələr göstərib. Əvvəlcə Köçəryan hakimiyyəti Sarkisyana verdi. Bu təhvil-təslim məsələsinin könüllü və ya məcburi olması şərt deyil: şərt Ermənistan vətəndaşlarının mövqelərinin və seçimlərinin əsla nəzərə alınmaması, siyasi qüvvələrin heçə sayılması idi.
Elə bu səbəbdən də Robert Köçəryanla Serj Sarkisyan anlaşmalarını dövlət sirri kimi qoruyacaqlar.
Ən azı ona görə ki, onlar elə sövdələşmələrinin qurbanlarına çevrilməkdədir.
...Ermənistanda normal, demokratik siyasi prosesin formalaşmasına ümid azalır. Təyyarədə əyləşmiş sərnişinin səmaya qalxamamaq, tərk etdiyi məkanda qalmaq ümidinin öləzidiyi kimi.
Elçin Alıoğlu
Mənbə:Milli.Az