Son zamanlar bəzi qüvvələrin tez-tez gündəmə gətirdiyi mövzulardan biri də təqiyyədir. Bir mövzu kimi təqiyyənin gündəmə gətirilməsində və müzakirəyə çıxarılmasında eyib yoxdur.
Amma bu qüvvələr təqiyyəni məqsədli şəkildə, məzhəblərarası münasibətlərə xələl gətirmək, mahiyyətini təhrif etmək məqsədi ilə müzakirəyə çıxardıqları üçün məsələ mənfi çalar almağa başlayır.
Hər şeydən əvvəl bunu qeyd edək ki, təqiyyəni şiə məzhəbinin az qala üsuli-din maddələrindən birinə çevirmək cəhdləri keçmişdə də olub. 1400 ildir ki, şiə məzhəbinə qarşı diş qıcamış müəlliflər təqiyyəni şiəliyin ən mühüm əqidə prinsipi kimi təqdim edir, bu zaman şiələri ikiüzlü, riyakar, yalançı adlandırmaqdan da çəkinmirlər. Bu qüvvələrin təbliğat kampaniyasında əhli-sünnəyə ünvanlanmış bu cür çağırışlar tez-tez səslənir ki, “şiələrə inanmayın, onlar təqiyyə pərdəsi altında özlərini gizlədirlər”.
Doğrudur, təqiyyə şiə məzhəbində kifayət qədər mühüm sayılan, həm nəzəri, həm də praktiki özəlliyi olan mövzulardan biridir. Hətta mənbələrdə bu cür hədislərlə rastlaşırıq: “Təqiyyə etməyənin dini olmaz”. “Dinin ondan-doqquz hissəsi təqiyyədir”. Amma əvvəla, bu mühümlüyü şişirtmək doğru olmaz. Təqiyyə nə üsuli-din, nə də fürui-din maddələrinə aid deyil.
İkincisi, imamlar bu kimi hədislərlə öz tərəfdarlarını qorumağa çalışır, onların diqqətini təqiyyə kimi mühüm özünümüdafiə tədbirinə yönəldirdilər. Əhli-beyt tərəfdarlarının daim ölüm təhlükəsi ilə üz-üzə durduqları dövrlərdə təqiyyə həqiqətən, qabardılmasına və təkrar-təkrar vurğulanmasına ehtiyac duyulan əsas məsələlərdən idi.
Üçüncüsü, təqiyyə yalnız şiəlikdə deyil, əhli-sünnə məzhəbində də mövcuddur. Bu, elə bir mövzudur ki, birbaşa Qurani-kərimdə işıqlandırılıb (Ali-İmran-28; Nəhl-106; Ğafir-28; Saffat-88 və s.). Deməli, təqiyyəni yalnız bir məzhəbə aid etmək düzgün deyil. İslam tarixindən məlum olduğu kimi, hələ Peyğəmbərin zamanında, Məkkə dövründə Əmmar ibn Yasir təqiyyə etmiş və bu hərəkət Peyğəmbər tərəfindən razılıqla qarşılanmışdı. Əmmar həm şiələrin, həm də sünnilərin ehtiram etdiyi böyük səhabədir.
Dördüncüsü, şiə tarixində və şiələrin davranışında təqiyyəyə daha çox riayət edilmişsə də, bunu təbii qəbul etmək lazımdır. Təqiyyə etməyə şiədən daha çox kimin ehtiyacı vardı? Müaviyənin cəlladları tərəfindən axtarılan, Əməvi və Abbasi zindanları ilə hədələnən, Səlcuqların, Teymurilərin, Eyyubilərin, Moğolların, Osmanlıların təzyiqləri altında əzilən şiələrin təqiyyə etməkdən başqa hansı yolu qalırdı ki? Bircə fakt deyək: Hicri IV əsrdə yaşamış zeydi məzhəbli Əbülfərəc İsfahani özünün “Məqatilüt-Talibiyyin” kitabında cəmi 280 il ərzində qətlə yetirilən 235 nəfər Əbu Talib övladı haqqında məlumat verir ki, bunların demək olar ki, hamısı siyasi-məzhəbi zəmində öldürülmüşlər. Belə bir şəraitdə, əllərini Peyğəmbər nəslinin qanına bulamaqdan belə qorxmayan zalım hökmdarların zülmü qarşısında sıravi şiələr təqiyyədən başqa nəyə pənah apara bilərdilər?
Beşincisi, təqiyyə heç də bəzilərinin güman etdiyi kimi özbaşınalıq, məsuliyyətsizlik, riyakarlıq deyil. Təqiyyə - bəzi məqamlarda icazə verilən özünümüdafiə tədbiridir. Bütün dini anlayışlar kimi təqiyyənin də öz hüdudarı vardır və bu hüdudları aşmaq olmaz. İmam Mühəmməd Baqir (ə) buyururdu: “Zərurət olan hər yerdə təqiyyə etmək lazımdır. Təqiyyə etməsi lazım olan adam özü daha yaxşı bilir ki, bunun yeri haradır” (Vəsailüş-şiə, 11-ci cild, səh. 468).
Mənbə:İslam.az