Bakıda yağış sularını anbarlara toplayaraq onlardan texniki su kimi istifadə etmək təklif olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, Bakı şəhəri atmosfer yağıntılarının az düşdüyü ərazilərdəndir. Bakıya bütün su kəmərləri vasitəsilə bir il ərzində gələn suyun həcmi yay aylarında 20 min kub metr, qış aylarında 17 min kub metr təşkil edir. Ümumilikdə Bakıya bir il ərzində 0,6 kub kilometr icməli su gəlir. Eyni zamanda, Bakıda atmosfer yağıntılarının illik miqdarı da 0,5 kub kilometr ki, bu da elə paytaxta gətirilən içməli su qədərdir.
Bakıya düşən atmosfer yağıntılarından düzgün istifadə edilməsini vacib sayan alim qeyd edib ki, paytaxtın əksər yerlərində içməli sudan həm də texniki su kimi - yaşıllıqların suvarılması və s. məqsədlə istifadə edilir: "Bakıda yaşıllıqlar salınarkən əsasən quraqlığa davamlı bitkilər əkilir. Buna baxmayaraq, 1-2 həftədən bir yaşıllıqların suvarılmasına ehtiyac yaranır. Yaşıllıqların suvarılması üçün ən yaxşı yol yağış sularından istifadə etməkdir".
M.Həsənov bildirib ki, yolların kənarında quraşdırılmış su ötürücü qurğu vasitəsilə yollara yağan yağıntıları toplayaraq, onları su anbarlarında saxlamaq olar. Bundan əlavə, hər bir çoxmərtəbəli binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığmaq mümkündü. Bu anbarlara toplanan suların hesabına yay aylarında Bakıda yaşıllıqları suvarmaq olar. Bununla da Bakıda içməli suya 30-40 faiz qənaət ediləcək.
Alimin sözlərinə görə, Azərbaycanda yeganə olaraq Abşeron iqtisadi rayonunun (Bakı, Sumqayıt şəhərləri, Abşeron və Xızı rayonları) içməli su mənbəyi yoxdur. Bunun nəticəsidir ki, əhalinin çox məskunlaşdığı Bakıda (rəsmi məlıumatlara əsasən, Azərbaycan əhalisinin dördə bir hissəsi, qeyri-rəsmi məlumatlara görə isə daha çox hissəsi Bakıda yaşayır) içməli su ilə təminat məsələsi həmişə problem olub.
M.Həsənov təklif edir ki, sənaye müəssisələrində dövriyyəli qapalı su sisteminə keçməklə də içməli suya qənaət edilə bilər. Bakıdakı zavodlar və fabriklərin çoxu işlənən qurğuları soyutmaq üçün içməli sudan istifadə edir. Daha sonra həmin su kənara axıdılır. Buna görə də həmin sudan təkrar istifadə etmək mümkün olmur. Ancaq bütün sənaye müəssisələrində dövriyyəli qapalı su sistemi tətbiq olunsa, o zaman işlədilmiş su soyudulduqdan sonra ondan təkrar istifadə etmək olar.
trend.az