Turqut Əlibəylinin 22 yaşı var. İlk baxışdan sadə gənclərimizdən biridir və internet aludəçisidir. Amma o, heç də saatlarla internet qarşısında oturub mənasız məktublaşmalar və yüngül saytlarla məşğul deyil.
Milli.Az EL TV-yə istinadən bildirir ki, Turqut Əlibəyli sosial şəbəkələrə daxil olaraq, vaxtaşırı ermənilərin soydaşlarımızın başına gətirdikləri müsibətlər barədə informasiyaları paylaşır. Turqut deyir ki, əslində yaşadığı evdə internetə çıxış var. Lakin onun internet-klublara getməkdə məqsədi var. İstəyir ki, digər istifadəçilər də ondan dərs götürərək faydali işlə məşğul olsunlar. Amma Mingəçevirdə və Yevlaxda fəaliyyət göstərən bir neçə internet-klubda mənzərə tam başqadır.
Çəkiliş apardığımız müddət dərs saatına təsadüf edirdi. Klublarda istifadəçilərin əksəriyyəti, demək olar ki, məktəblilər idi. İstifadəçilər internetin imkanından yararlanaraq kimi dost qazanır, kimi də oyun oynayır. Klub nəzarətçisi Məhəmməd Həsrətov də etiraf edir ki, ən çox ziyarət edilən tanışlıq saytlarıdır.
Əslində uzun müddət kompüter arxasında oturmağın özünün də fəsadları var. Hər şey bir yana, bu, nitqin inkişafına da mənfi təsir edir. Psixoloq İlhamə İsmayılova deyir ki, çox vaxt təsir altına azyaşlılar düşürlər. Əslində, Turqutun dediyi kimi, bu da bir müharibədir. Təkcə internet üzərindən aparılan informasiya müharibəsi yox, həm də internetlə aparılan beyin müharibəsi. Bu müharibənin qurbanlarına çevrilməmək üçün isə ayıq-sayıqlığınızı və sağlamlığınızı qoruyun!
Mənbə:Milli.Az