Yaşlı bal arılarının beyinlərinin gənc arılara xas ictimai işləri yerinə yetirərkən gəncləşdiyi müəyyən olunub. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Amerika və Norveç alimlərinin apardıqları araşdırma göstərib ki, yuvada yaşlı arıların üzərlərinə götürdükləri ictimai məsuliyyət onların beyinlərinin molekulyar quruluşunun dəyişməsini təmin edir.
Araşdırmaya imza atan alimlərdən biri Gro Amdam qeyd edib ki, daha əvvəl aparılan tədqiqatlarda arıların yuvada qalanda və sürfələrlə maraqlanan zaman onların beyinlərinin aktiv olduğu, yuvadan ayrıldıqdan cəmi iki həftə sonra isə bu heyvanların qanadlarının zəiflədiyi, tüklərinin töküldüyü və beyin fəaliyyətlərinin dayandığı aşkara çıxıb. Amdam əldə olunan bu bilgilərdən yararlanaraq yaşlı arıların yenidən sürfələrlə məşğul olmağa başlayanda bunun onların beyinlərinə necə təsir etdiyini tədqiq etrdiklərini bildirib.
Tədqiqatçılar yuvadan sürfələrlə maraqlanan gənc arıları çıxararaq yalnız kraliça arı və sürfələri orada qoyublar. Bu zaman bəzi yaşlı arılar qida axtarmağa gedir, bəzi yaşlı arılar isə yuva və sürfələrlə məşğul olur. 10 gün sonra yuvadakı yaşlı arıların təxminən yarısının yeni şeylər öyrənmək qabiliyyətinin böyük fərqlə artdığı ortaya çıxır. Belə ki, bu arıların beynində insanlarda da olan və yaddaşsızlığa müqavimət göstərən "Prx6" və digər zülalları qoruyan şaperon zülalına də rast gəlinir. Gro Amdam və onun qrupu bu nəticələrin insanlarda yaşlanma ilə bağlı yaddaşsızlığın yavaşımasına və ya qarşısının alınmasına işıq yandıracağını vurğulayırlar.
Araşdırma "Experimental Gerontology" jurnalında dərc olunub.
Mənbə:trend.az