Qadin.NET / Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar

Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar

Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar

Uzun müddət qadınlar ömrün uzunluğu göstəricilərinə görə lider mövqe tutublar. Lakin ingilis alimlərinin fikrincə, tezliklə hər şey dəyişəcək və 2030-cu ildə qadınlarla kişilər arasında statistik fərq itəcək. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.

Qeyd etmək lazımdır ki, ömrün uzunluğuna görə qadınlarla kişilər arasında ən böyük fərq 1970-ci illərdə hiss olunub və 5,7 il təşkil edib. Hazırda isə kişilərin ömrü sürətlə uzanır. Çox güman ki, siqaret çəkənlərin sayının azalması formalaşan vəziyyətə qismən təsir göstərib.

Alimləri hazırda 30 yaşı olan şəxslərin nə qədər yaşayacaqları maraqlandırır. Araşdırma zamanı məlum olub ki, son 20 il ərzində kişilərin ömrü təxminən altı il uzanıb. Əgər müasir tendensiya qorunub saxlanarsa, hər iki cinsin nümayəndələri orta hesabla 2030-cu ildə 87 yaşınadək yaşaya biləcəklər.

Alimlərin qənaətincə, kişilər arasında siqaretdən imtina edənlərin çoxalması və ağciyər xərçənginə mübtəla olan qadınların sayının artması ilə yanaşı, statistik uçurumun aradan qalxmasının arxasında əmək şəraitinin daha təhlükəsiz olması durur. Doğrudur, bir çox kişilər təhlükəli idman növləri ilə məşğul olur və tez-tez bədbəxt hadisələrin qurbanı olurlar.

Yeri gəlmişkən, yoluxucu xəstəliklər ucbatından adamların onsuz da ömrünün qısa olduğu tropik Afrika ölkələrində kişilərlə qadınların ömrü arasında fərq, demək olar ki, nəzərə çarpmır. Onu da qeyd etmək lazımdır ki, 90-cı illərdə Rusiyada bu fərq 13 il təşkil edib. Alimlərin fikrincə, bu, ağlasığmaz göstəricidir.

Mənbə:trend.az

 

9 aprel 2014
GO BACK