Qadin.NET / Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...

Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...


Uşağı düzgün tərbiyə etməyən ailələrdə uşaqlar məsuliyyət hissindən tam azad olur
Məsuliyyət hissi adətən böyüklərdə, həyatı dərk edən insanlarda olur. Lakin uşağının layiqli övlad kimi yetişməsini arzulayan valideynlər övladlarına həyatının ilk illərindən məsuliyyətli olmağı öyrətməyə çalışırlar.

Uşaqları məsuliyyətli olmağı öyrətməyin vacibliyini deyən uşaq psixoloquFəridə Həsənovanın sözlərinə görə, bir sıra valideynlər bunu dərk etsələr də, təəssüf ki, uşağı çox əzizləyən və düzgün tərbiyə etməyən ailələrdə uşaqlar məsuliyyət hissindən tam azad olur. Bu isə gələcəkdə bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, uşaq böyüdükdən sonra buraxdığı səhvlərin kökündə elə məsuliyyətsizlik durur: "Uşaqlıqdan çox əzizlənən, ərköyün uşaqlar böyüdükdən sonra da hərəkətlərinə cavabdeh olmurlar. Bundan başqa, uşaqlara məsuliyyətli olmağı öyrətməyəndə uşaqda bir sıra komplesklər də formalaşmağa başlayır".

F.Həsənova bildirib ki, məsuliyyətsiz insanlarda özünə inam hissi də aşağı olur. Dediyinə görə, uşağın məsuliyyətinə daxil olan işləri digərləri yerinə yetirəndə onun özünə inamı da aşağı düşür: "Valideyn uşağın əvəzinə hər şeyi edəndə uşaq şüuraltı olaraq bacarıqsız olduğunu düşünür. Misal üçün, uşaq fikirləşir ki, "Mən bacarsaydım, onlar bunu mənim əvəzimə etməzdilər". Təbii ki, bu cür düşünmək özünə güvənməni aşağı salır".

Məsuliyyətsiz uşaqlarda psixo-fizioloji geriqalma da müşahidə olunur. Mütəxəssis bildirib ki, uşaq fəaliyyətdə olan zaman düşünür. İnsanın düşünməsi isə o deməkdir ki, onun idrak prosesləri inkişaf edir. Məsələn, analiz edir, diqqət sərf edir, təfəkkürünü işlədir və s. Uşaq fəaliyyətdə olduqda - nəyisə götürdükdə, apardıqda, qaldırdıqda və bu kimi digər yerinə yetirilən hərəkətlər zamanı - bədənsəl inkişaf gedir.

Onun sözlərinə görə, uşağı məsuliyyət hissindən uzaqlaşdırdıqda o, çox nazlı və şıltaq olur. Yerli-yersiz qışqırır, qadağan olunan şeyləri istəyir, sözə baxmır və s. Uşağın məsuliyyətinə daxil olan işləri digər şəxslər yerinə yetirəndə zaman keçdikcə uşaqda bu hal (iş görməmək) vərdiş halını alır. Məsələn, ayaq tutub gəzə bilən uşağı qucaqda daşıyan analar, uşaqda ərköyünlüyün təməlini qoyurlar.

Psixoloqun bildirdiyinə görə, uşaqlarda məsuliyyətsizlik davranış pozuntusuna da gətirib çıxarır: "Məsuliyyət hissi aşılanmayan uşaq başqalarının əməyinə hörmətsiz yanaşır. Məsələn, ananın düzəltdiyi səliqəni pozur, götürdüyünü yerinə qoymur, paltarını soyunub yerə atır və s. Bütün bu hallar davranış pozuntusunun tərkibinə daxildir".

Bəs uşaqlarda məsuliyyət hissini necə aşılamaq olar? Uşaq psixoloqu nəzərə çatdırıb ki, uşaqları məsuliyyətli olmağa öyrətmək həm asandı, həm də çətin: "Bunun metodikası çox rahat olduğu üçün asandır. Lakin valideynlərdən çox səbr tələb etdiyi üçün çətindir. Məsuliyyət aşılamanın metodikası dedikdə nəzərdə tutulan yaş dövrlərinə uyğun bacarıqların inkişaf etdirilməsi nəzərdə tutulur".

Həsənovanın sözlərinə görə, uşaq anadan olandan 1 yaşadək olan dövrdə ona butulkadan su, süd, yaxud bu kimi digər maye verdikdə çalışmaq lazımdır ki, uşaq butulkanı özü tutmağı öyrənsin. 1 yaşa yaxın dövrdə valideyn çalışmalıdır ki, uşağı geyindirib-soyunduranda o, özü də kömək etsin. Qollarını uzatsın, köynəyin içindən çıxartmağa cəhd etsin və s. Bunun üçün valideyn uşağı yönləndirməlidir.

1-2 yaş arası dövrdə uşağa artıq ilkin komandalar verilməlidir. F.Həsənova qeyd edib ki, valideyn uşağa "ağzını aç", "gözünü yum" və s. kimi sözlər deməlidir. Eləcə də uşaq tökdüklərini yığışdırmalı, sadə geyimlərini özü geyinməlidir. 2-4 yaşarası dövrdə uşaq artıq ev, ailə üçün faydalı olan işlərə də cəlb olunmalıdır. Psixoloqun məsləhətinə görə, ilkin olaraq uşağa sadə işləri buyurmaq olar. Məsələn, uşaq yemək zamanı süfrəni qurmaqda, yaxud haranısa, nəyisə təmir etməkdə sizə kömək edə bilər. Sonra isə bu işlər get-gedə mürəkkəbləşdirilə bilər.

Müsahibimizin dediyinə görə, 4-6 yaş arası dövrdən etibarən, artıq uşağın ailədə konkret vəzifəsi olmalıdır: "Məsələn, qızınız mebelin tozunu ala bilər və yaxud oğlan yığılan zibili ata bilər. Əgər mebeldə toz olarsa, bunun səbəbini qızınızdan soruşmalısız. Bu cür işlər uşağı gələcək həyata hazırlayır və öhdəsinə düşən işlərə qarşı daha diqqətli yanaşmağı öyrədir".

Psixoloq əlavə edib ki, uşağı sevmək, əzizləmək vacibdir və bunu hamımız etməliyik: "Ancaq qətiyyən onun edə biləcəyi işləri siz - böyüklər yerinə yetirməyin. Çünki bu davranış övladınıza olan sevginizdən irəli gəlsə də, onun inkişafını ləngidən halların toxumunu əkir. Necə deyərlər "əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi..."

Mənbə: Milli.az

9 aprel 2014
GO BACK