Qadin.NET / Marketlərdə bizi necə aldadırlar? - MÜZAKİRƏ

Marketlərdə bizi necə aldadırlar? - MÜZAKİRƏ


Bakının marketlərində alıcıların aldadılması cəhdi təəssüflər olsun ki, tez-tez baş verir. Həm də fırıldaqçılığın müxtəlif yolları düşünülür. Zənbillərə müxtəlif məhsulları yığarkən artıq yekun qiymətin nə qədər olacağını düşünmürsən. Düşünsən belə, həmin rəqəmləri dəqiqliklə hesablamaq olmur. 
 
Milli.Az xəbər verir ki, mağazada belə bir fırıldaqçılığın şahidi olan Bakı sakiniDay.Az saytına aşağıdakı sözləri yazır:
 
"Həmin marketin daimi müştərisiyəm. Bu günə qədər nə qiymətdən, nə keyfiyyətdən, nə də ki rahatlıqdan narazı olmamışıq. 
 
Martın 22-də alış-veriş etdikdən sonra kartla ödəniş edirdim. Ancaq POS terminalda "Uğursuz əməliyyat xəbərdarlığı gəldi. Növbəti cəhdim də uğursuz alındı. İşçi dedi ki, POS terminalda nasazlıq var. Rabitə kəsilib. 
 
Evə gələndə internet vasitəsi ilə balansımdakı pulu yoxladım. Gördüm ki, balansdan vəsait çıxıb. Səhəri gün məsələyə marketdə aydınlıq gətirməyə çalışdım. Uzun çək-çevirdən sonra söz verdilər ki, yenidən yoxlayacaqlar. Həmin "təkrar yoxlama" bütün bayram uzunu çəkdi. Hər dəfə əlaqə saxlayanda bildirdilər ki, yoxlayacaqlar. 
 
Bayramdan sonra hesabdan pulun 22 martda məhz həmin mağazada çıxarılması ilə bağlı bankdan verilən arayışla birlikdə marketə getdim. Hər şey aydın olsa da, mənə həmin vəsaiti qaytarmadılar. Növbəti günlərdə nə qədər danışmağa çalışsam da, mənə qarşı ya biganə, ya da kobud davrandılar. Axırda səbrim daşdı və istehlakçıların hüquqlarını pozduğuna görə market barəsində nazirliyə şikayət edəcəyimi dedim. Sizə bu məktubu yazan vaxt marketdə çalışan xanım mənə zəng vurdu və dedi ki, məsələni araşdırıb vəsaiti hesabıma geri qaytaracaqlar. 
 
Oxuculara demək istəyirəm ki, alış-veriş edərkən diqqətli olsunlar. "Uğursuz əməliyyat" xəbərdarlığı gəldisə, bu, hələ o demək deyil ki, pulu kartınızdan götürməyiblər. Hesabınızı mütləq yoxlayın". 
 
Oxucunun məktubundan da görünür ki, market sahibi nazirliyin cəza tədbirlərindən qorxmasaydı, müştəriyə qarşı biganəliyini davam etdirəcəkdi. Bəzi marketlər müştərilərə qarşı çox biganədirlər. Onları obyektin imici maraqlandırmır. Halbuki şəhərdə marketlərin sayı çoxdur və seçim imkanı genişdir. 
 
Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular? 
 
Şərhlərinizi gözləyirik
 
Mənbə:Milli.Az

9 aprel 2014
GO BACK