"Müsəlman aləmində olan halallıq məsələləri QMİ-nin daxili işləridir. Biz dövlət olaraq müəyyən olunan standartların tələblərinə uyğun sertifikatlarımızı veririk". Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "Halal" standartı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
R.Həsənov qeyd edib ki, bu standartı dövlət tənzimləyir: "Bizim müəyyən təşkilatlarımız sertifikatlaşdırma prosesini keçirir və "Halal" standartına uyğun sertifikat verir. Qafqaz Müsəlmanları İdarəsi isə kəsim prosesinə nəzarət edir".
Komitə sədri əlavə edib ki, standartların tələblərində də kəsim zamanı şəriətə uyğun olaraq surələr və dualar oxunmasının zəruriliyi qeyd olunub. Onun sözlərinə görə, şəriətə uyğun prosedurlar kolbasada və sosiskada istifadə olunan inqridientlərin kəsimi zamanı istifadə olunur: "Təbii ki, halal kəsilmə məsələsi bizim işimiz deyil. Bizim vəzifəmiz yoxlamaqdır".
Komitə sədri əlavə edib ki, idxal olunan ətin üzərində halal kəsilmə ilə bağlı sertifikat gəlir: "Ölkəyə Hindistan və Braziliyadan hazır ət gətirilir. Bizim mütəxəssislərimiz həmin ölkələrdə kəsim prosesini izləyiblər. Bildiriblər ki, kəsim prosesi şəriətə uyğun şəkildə aparılır".
Qeyd edək ki, QMİ uzun müddətdir ictimai maraq kəsb edən, sosial sifariş xarakteri daşıyan qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini bildirib. QMİ-nin bəyanatında bildirilir ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər.
Mənbə: trend.az