Nobel nitqi
Layihə-“Nobel nitqi”
Ernest Heminquey 1954-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb. O, mətbuata açıqlamasında Karl Sandburq, İsak Dinesen və Bernard Berensonun bu mükafata ondan daha çox layiq olduğunu deyib. Mükafatın maddi tərəfi dahi yazıçı üçün təbii ki mühüm idi. Dalbadal düşdüyü 2 təyyarə qəzasından xilas olmağı bacaran Heminqueyin yenə təyyarəyə oturub İsveçə getməyə taqəti qalmamışdı. Yazıçının qərarı qəti idi: mükafatı onun əvəzinə ABŞ-ın İsveçdəki səfiri götürəcəkdi.
Heminqueyin 1972-ci ildə çap olunan “Heminquey: rəssam kimi yazıçı” (“Hemingway: The Writer as Artist”) bioqrafiyasında Nobel mərasimi üçün hazırladığı çıxış da dərc olunmuşdu.
Kulis.az Heminquey Nobel mətnini təqdim edir:
“Nitq söyləmək cəsarətim, bəlağətli çıxış etmək istedadım yoxdur. Amma bu mükafata görə, bu mərdliyə görə idarəçilərə, Alfred Nobelə təşəkkür etmək istəyirəm.
Bu mükafatı almamış böyük yazıçıların olduğunu bilən biri Nobeli təvazökarlıqla qəbul etməlidir. O yazıçıların siyahını yazmağa ehtiyac görmürəm. Məncə, burdakıların hər biri öz qənaətinə əsasən və vicdanının öhdəsinə buraxaraq siyahı hazırlaya bilər.
Ölkəmin səfirindən ürəyimdən keçənlərin əks olunduğu böyük bir mətn oxumağını istəməyim mümkün deyildi. Bir adamın yazdıqlarının məzmunu dərhal anlaşılmaya bilər, bəlkə də bu onun xeyrinədir. Amma gec-tez onun yazdıqları, sahib olduğu istedad sayəsində ədəbiyyatda qalıb-qalmayacağı bəlli olur.
Yazmaq, ən yaxşı halda, yalnız ömür yaşamaqdır. Yazıçılar üçün təşkil olunan müxtəlif tədbirlər, onun tənhalığını bir az azalda bilər, amma mən hesab etmirəm ki, onun yazı qabiliyyətinə təsir etsin. Yalnızlığından xilas olan yazıçı ictimai fiqura çevrilir, bu isə onun yaradıcılığına heç də yaxşı təsir göstərmir. Öz yaradıcılığı ilə baş-başa qalan və yetərincə yaxşı yazmağı bacaran yazıçı hər gün əbədiyyətlə, yaxud onun yoxluğu ilə üzləşmək məcburiyyətindədir.
Əsl yazıçı üçün hər kitab yeni bir başlanğıc, qazana biləcəyindən daha çoxunu hədəf götürmək üçün yeni bir təcrübədir. O, daha əvvəl edilməmiş, yaxud təcrübədən keçirilsə də, alınmamış işlərə girişməlidir daim. Sonra isə, bəxti də gətirsə, uğurlu olacaq.
Daha əvvəl yazılmış və yaxşı yazılmış şeylər haqda yenidən yazmaq mümkün olsaydı, ədəbiyyat necə də asan olardı. Ədəbiyyat tarixində elə mükəmməl yazıçılar var ki, hər bir yazıçının gedib çıxa biləcəyi nöqtələri çoxdan keçiblər, heç kimin gedib çata bilməyəcəyi yerlərdə gəzişirlər.
Bir yazıçı üçün çox danışdım. Yazıçının işi demək istədiklərini yazmaqdır, danışmaq deyil. Təkrar təşəkkür edirəm”
(Fotoda Heminquey Nobel mükafatını təhvil alır)
lent.az