Rusiya Ukraynaya satdığı qazın qiymətini artırıb.
ANS PRESS-in məlumatına görə, "Qazprom"un prezidenti Aleksey Miller Ukraynaya verilən qazın min kub metrin qiymətinin aprelin 1-dən 385,5 dollar səviyyəsinə qalxdığını bəyan edib. Bu isə 43,5 faiz artım deməkdir.
Onun sözlərinə görə, Ukrayna üçün Rusiya qazına qiymətdə endirimli güzəştin tətbiq olunmasına son qoyulub: "Ukrayna üçün qazın qiymətində güzəşt daha qüvvədə deyil. Bu artıq həll olunmuş məsələdir".
Aleksey Miller bildirib ki, Ukrayna 2013-cü ildə və bu ilin əvvəlindən Rusiayadan aldığı qaza görə borcunu hələ də ödəməyib: "Ukraynanın Rusiyaya aldığı qaz həcmlərinə görə borcu 1,7 milyard dollar təşkil edir".
2013-cü il dekabrın 17-də Rusiya və Ukrayna arasında bağlanmış qaz kontraktına, qiymət endiriminə dair razılıq əlavə edilib.
Həmin əlavəyə uyğun olaraq, Ukrayna bu ilin əvvəlindən Rusiyadan qazın 1 kub metrini 268,5 dollar qiymətilə alıb. Buna qədər isə Ukraynaya verilən Rusiya qazının qiyməti bir kub metr üçün 400 dollar təşkil edib.
Əlavə sazişdə qaza qiymətin hər rübdən sonra yenidən baxılması nəzərdə tutulub.
Mənbə: ANS PRESS