Qadin.NET / Düzgün seçilməyən ayaqqabının fəsadları

Düzgün seçilməyən ayaqqabının fəsadları



Əksər hallarda uşaqlara ayaqqabı seçmək valideynlər üçün əsil işgəncəyə çevrilir. Satışda uşaq ayaqqabılarının müxtəlif çeşidləri olsa da, uşağın ayağının ölçüsünə uyğun, onun sağlam inkişafını tam təmin edən ayaqqabı tapmaq çətindir. Ekspretlərin fikrincə, düzgün seçilməyən və keyfiyyətsiz ayaqqabı uşaqlarda ayaq pəncəsinin deformasiyaya uğramasına gətirib çıxarır. Uşaq ayaqqabısı ortopedik olmalı, rahat, davamlı, keyfiyyətli materiallardan hazırlanmalı, ən əsası uşağın yenicə formalaşan pəncəsini deformasiyaya uğratmamalıdır.

Həkim-ortoped Ülviyyə Əkbərovanın sözlərinə görə, uşaq yerimək istəməyə başlayan andan - təxminən 9-12 ay arası dövrdə ona ayaqqabı geyindirmək lazımdır. "Düzgün seçilmiş rahat ayaqqabı ayaq pəncəsinin düzgün formalaşmasına kömək edəcək. Uşaqlar üçün ortopedik və müalicəvi, individual olaraq sifarişlə hazırlanan ayaqqabılar daha münasibdir. Ortopedik ayaqqabılar ayaq pəncəsinin deformasiya olmasının qarşısını alır, müalicəvi ortopedik ayaqqabılar isə artıq ayağında problemi olan uşaqlar üçün nəzərdə tutulur və həkimin təyinatı ilə seçilir", - deyən həkim bildirir ki, bəzən valideynlər uşaqların ayaqlarında yaranan problemlərin ciddiliyini bilmədiyi üçün buna o qədər də fikir vermir və uşağın inkişafına mənfi təsir etmədiyini düşünürlər. Onun sözlərinə görə, düzgün seçilməyən ayaqqabı uşaqlarda yastıpəncəlik, ayaqda qabarıqlar, yerişin pozulması və s. kimi problemlərə gətirib çıxara bilər. Bu səbəbdən də ayaqqabı seçiminə diqqətli yanaşmaq lazımdır. Əgər uşaqda yastıpəncəlik aşkar edilibsə, ortopedik ayaqqabı geyinməsi məsləhətdir. Bu ayaqqabılar təbii materialdan hazırlanmış, arxa tərəfi sərt, ayaqda yaxşı fiksə olunmuş, alçaqdabanlı olur. Bir çox hallarda isə həkimlər, sadəcə olaraq, arxa tərəfi sərt olan ayaqabı geyinməsini və onun içinə isə xüsusi supinator qoyulmasını məsləhət görürlər.

Müsahibimizin dediyinə görə, uşaq üçün qayğılar vlideynlərdən o qədər vaxt tələb edir ki, çox vaxt uşağa alış-veriş edərkən tələsirlər. "Ayaqqabı alarkən adətən fikir verirlər ki, ölçüsü ayağına uyğun gəlsin, rəngi və dizaynı da gözəl olsun. Bəzi valideynlər isə ayaqqabıda çirklər bilinməsin deyə qara və tünd rənglərdə olanları alırlar. Lakin ilk növbədə nəzərə almaq lazımdır ki, uşağın düzgün inkişafı üçün ayaqqabı rahat olmalıdır. Bəzən uşaq tez böyüyür deyə ona ayaqqabıları bir-iki ölçü böyük alanlar da olur. Amma bu xüsusilə də yenicə yeriməyi öyrənməyə başlayanlar üçün çox ziyandır", - deyən həmsöhbətimiz əlavə edib ki, uşaq üçün geyimlər, xüsusilə də ayaqqabı almazdan əvvəl hansı tip ayaqqabıların münasib olduğunu öyrənmək lazımdır. Uşaq üçün ayaqqabılara əsas tələblərdən biri onun hansı materialdan hazırlanmasıdır. Ayaqqabının materialı hava buraxmalıdır. Əks halda uşağın ayağı tərləyəcək və yaş olacaq. Bu isə uşağın soyuqlaması ilə də nəticələnə, üstəlik dəridə müxtəlif problemlər yarada bilər. Bu səbəbdən də dəri və ya hava buraxan xüsusi materiala üstünlük verilməlidir. Ayaqqabının içliyi nəmi özünə çəkməlidir.

Uşaq üçün ayaqqabıların forması da çox önəmlidir. Ələkbərova bildirib ki, enli və yumru burnu olan ayaqqabılar çox rahat olacaq. Bu cür formada olan ayaqqabı uşağın ayaq barmaqlarını sıxmayacaq. Ayaqqabının arxa hissəsi mütləq tikişsiz və kip olmalıdır. Fikir verin ki, arxa hissə yumşaq parça ilə işlənsin. Əks halda uşağın ayağını vuracaq.

Ayaqqabının altı müxtəlif naxışlı olmalıdır ki, uşaq gəzəndə sürüşməsin. Altlıq çox qalın olmamalıdır. Belə ki, uşaq addımlayanda ayaqqabının altı rahat qatlanmalıdır. Ayaqqabı çox bərk olmamalı və uşaq gəzərkən onu yormamalıdır. Uşaqlar hoppanarkən və s. idman hərəkətləri edərkən qoruma effekti olan ayaqqablar daha yaxşıdır.

Ortoped bildirir ki, ayaqqabını seçərkən ayaq üstə dayanıb geyinin. Belə ki, oturanda ayaq pəncəsi bir neçə millimetr balaca olur: "Bu səbəblər üzündən bəzən bir neçə dəfə geyinib, yoxlayandan sonra aldığımız ayaqqabının evə gəlib geyinəndə bir qədər sıxdığını görürük. Ayaqqabı alarkən həm də hər iki ayağa geyinib baxmaq lazımdır. Belə ki, ayaqların biri o birindən ölçüsünə görə fərqlənə bilər. Ayaqqabını geyinəndən sonra uşağa yeriməyi təklif edin. Gəzdikcə uşaq ayaqqabının həqiqətən də ona uyğun olub-olmadığını biləcək".

Satıcı Füruzə Kərimovanın sözlərinə görə, bu il uşaq ayaqqabılarının rəngbərəng və parlaq modelləri dəbdədir. Bu ilin dəbinə görə rəng parlaq olduqca, ayaqqabı daha zövqlü görünür. Daha çox idman üslubunda olan ayaqqabılar dəbdədir. Bu cür ayaqqabılar uşaqların gündəlik geyimlərinə və həyat tərzinə uyğun gəlir. Xüsusilə, balaca uşaqlar çox hərəkətli olur. Oyun oynamaq, qaçmaq, hoppanmaq klassik ayaqqabılarda yorucu və narahatdır. 

milli.az

8 aprel 2014
GO BACK