Qadin.NET / Bulvar uzana-uzana gedir

Bulvar uzana-uzana gedir

 

Bulvar uzana-uzana gedir

 

Gələcəkdə Bakı Bulvarı dünyanın ən böyük və gözəl Dənizkənarı Milli Parkı olacaq. “Bayraq meydanı” ərazisindəki bulvarın tikilib istifadəyə verilməsindən sonra hazırda “Ağ şəhər” istiqamətində bulvar ərazisi böyüdülür.

 

Artıq söküntü işləri yekunlaşıb. Hazırda ərazidə kommunikasiya sistemləri köçürülür.

 

İş icraçılarının verdikləri məlumata görə, Dəniz Vağzalından “Ağ şəhər” istiqamətində uzadılacaq milli parkda bir çox yeniliklər olacaq. Yeni milli parkda ilk öncə istirahətə gələn vətəndaşların rahatlığını təmin etmək üçün həmin ərazidə pulsuz avtomobil dayanacağı da olacaq. Bundan əlavə, milli parkda xaricdən gətiriləcək müxtəlif ağac növləri əkiləcək.

 

Bundan əlavə bulvar ərazisində yeni, müasir atraksionlar, dünyada məşhur olan müxtəlif əyləncə obyektləri quraşdırılacaq. İş icraçısının sözlərinə görə, “Ağ şəhər” ərazisindəki yeni bulvarda işlər 2015-ci ilə qədər başa çatacaq və istifadəyə veriləcək.

 

Qeyd edək ki, hazırda Bakı bulvarının uzunluğu 8 kilometrdir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə, gələcəkdə parkın ərazisinin 16 kilometr, hətta 25 kilometrə qədər uzadılması nəzərdə tutulub.

 

“Əgər gələcəkdə bulvarın ərazisi 25 kilometrə qədər uzadılarsa, o zaman Bakının Milli Parkı dünyanın ən uzun bulvarı olacaq. Hazırda istifadəyə verilən bulvar ərazisində gəzinti qatarları fəaliyyət göstərir. “Ağ şəhər” istiqamətində bulvar ərazisi istifadəyə veriləndən sonra əlavə yeni qatarlar da alınacaq”, - deyə Nazim Məcidov vurğulayıb./Anspress

 

 

 

 

 

 

 

Mənbə: Anspress

 

8 aprel 2014
GO BACK