Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Xüsusilə yazın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq şəkildə büruzə verir. O, gözün ağ hissəsinin və göz qapağının qızarması ilə ortaya çıxır. Gözlərin qaşınması, sulanması görüntünün bulanıq olması, gözlərdə yanma hissi, göz qapaqlarının şişməsi və işığa həssaslıq da əsas əlamətlər sırasına daxildir. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən yazır.
Göz allergiyası həm müstəqil, həm də burundakı allergiya ilə birgə meydana çıxa bilər.
Göz alergiyaları gözümüzün allergik maddələrə məruz qaldığı zaman ortaya çıxır. Ev heyvanları və ya tozlar buna misaldır. Göz hüceyrələrinin ifraz etdiyi kimyəvi maddələr gözlərdə iltihaba səbəb olur. Nəticədə gözlərdə qaşınma, sulanma və qızarma əmələ gəlir.
Gözlərinizi qaşımayın!
Bu xoşagəlməz halın aradan qaldırılması üçün tez-tez istifadə olunsa da, gözləri qətiyyən qaşımaq olmaz. Belə ki, qaşıdığımız zaman kimyəvi maddələrin miqdarı artır və qaşınma daha da güclənir. Bunun yerinə gözlərinizə soyuq kompress qoya bilərsiniz. Ən vacib məqamlardan biri isə göz makiyajından imtina etməkdir.
Göz allergiyasının qarşısını almağın yolları
Gözlərin altındakı tünd dairəyə allergiya olmadan da malik ola bilərsiniz. Bunun qarşısını almaqdan ötrü ağır makiyajdan qaçmaq lazımdır. Çünki əks halda yenidən qızarmış və sulanmış gözlərə sahib olcaqsınız. Bunun yerinə üzünüzün başqa bir yerini daha çox ön plana çıxarın. Məsələn, xoş rəngli dodaq boyasından istifadə məsləhətdir.
Tozlar
Otlar, ağaclar və digər bitkilərdən yayılan tozlar göz allergiyasının başlıca səbəbləri sırasındadır. Əgər sizdə tozlara qarşı allergik reaksiya varsa, o zaman ağacların çiçəkləndiyi yaz mövsümündə evdə qalmağa, pəncərələri bağlı saxlamağa və ventilyasiya qurğularından yararlanmağa üstünlük verin. Tozların gözünüzə düşməsinin qarşısını almaq üçün gün eynəklərindən istifadə etməyi unutmayın.
Ev heyvanları
Ev heyvanları və evimizdə olduğunun fərqinə belə varmadığımız heyvanlar allergiyaya səbəb ola bilər. Bu canlıların səbəb olduqları allergiya bir il boyu davam edə bilər. Bu kimi hallardan qorunmaq üçün bu heyvanları yataq otağına buraxmaq olmaz. Onlarla olan təmasları mümkün qədər azaltmaq və sonra əlləri böyük miqdarda su ilə yumaq məsləhət görülür. Heyvanlarla bir yerdə olduqdan sonra paltarınızı dəyişməyi də unutmayın.
Allergiyanın müalicə metodları
Allergiyanın müalicəsində istifadə olunan göz damcılarının əksəriyyəti prinsip etibarilə burun damcıları kimi təsir göstərir. Antihistamin preparatları iltihabi prosesin qarşısını alır və histaminin yaranmasına mane olur. Göz damcıları gözü təmizləyərək onun nəm qalmasına kömək edir. Bu damcılar gözün içərisindəki xırda qan damarlarını daraldaraq qızartını aradan qaldırır. Ancaq uzun zaman istifadə etdikdə əlamətlərin yenidən ortaya çıxmasının müşahidə olunması mümkündüür. Ona görə də bu damcılardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək çox vacibdir.
trend.az