Ən yaxşı ali məktəblərə daxil olmağa, ən yaxşı vəzifəni əldə etməyə çalışan şöhrətpərəst insanlar əslində heç də həmişə xoşbəxt həyat sürmələri ilə fəxr edə bilmirlər. ABŞ-ın Notrdam Universiteti yanında Mendoza biznes-kollecinin professoru Timoti Cac bu paradoksu araşdırmağa çalışıb. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti yazır.
Xarakterin bu cəhətləri ən azından karyera nöqteyi-nəzərindən müsbət effekt verir. Lakin medalın o biri tərəfi də var. Cəhdlərə və uğurlara baxmayaraqŞ şöhrətpəsət adamlar başqalarından heç də xoşbəxt olmurlar. Bundan əlavə onlar daha cavan yaşlarında həyatı tərk edirlər.
Professor 717 nəfər üzərində lap uşaq yaşlarından başlayaraq apardığı tədqiqatlardan sonra belə bir qənaətə gəlib. Alimi habelə onların təhsilinin nə dərəcədə sanballı olması da maraqlandırıb. Güman edildiyi kimi, şöhrətpərəst adamlar yaxşı ali məktəblərdə təhsil alır, daha nüfuzlu sahələrdə işləyir və daha çox qazanırlar.
Lakin məlum olub ki, bütün bunların hamısı onların həyatdan razı qalmalarına çox az təsir edir. Əslində isə şöhrətpərəst adamlar özlərini başqalarına nisbətən daha pis hiss edir, belə adamların vaxtından əvvəl həyatla vidalaşması hallarına daha tez-tez təsadüf edilir. Doğrudur, ekspert ölüm statistikasının arxasında nəyin durduğunu söyləməkdə çətinlik çəkib. Amma görünür adamlar karyeralarının xeyrinə seçim edərkən çox zaman sağlamlıqları, qarşılıqlı münasibətləri və sosial əlaqələri barədə fikirləşmirlər.
trend.az