Qadin.NET / Uşaqlarımızı necə böyüdək?

Uşaqlarımızı necə böyüdək?

Keçən iki yazımızda uşaq tərbiyəsində müsbət metodlar üzərində durduq, məsələni mümkün qədər konkretləşdirərək təqdim etməyə çalışdıq. Bu yazıda isə tərbiyədə valideynlərin və ümumiyyətlə, tərbiyəçilərin tətbiq etdikləri mənfi metodları təqdim etməyə çalışacağıq.
1. Həddindən artıq nəsihət metodu. Bu, müsbət metodların içərisindəki “nəsihət metodu”nun ziddidir. Əlbəttə, uşağa nəsihət etmək vacib şərtdir. Ancaq nəsihətin yerini, zamanını, ölçüsünü, eyni zamanda, uşağın o ankı hisslərini, əhvalını nəzərə almasaq, bəlkə də, bir daha ona nəsihət etmək şansımız aradan qalxacaq. Həddindən artıq nəsihət nə təsirli olar, nə də uğurlu.
2. Hədsiz sevgi metodu. Sevgi metodu müsbət, hədsiz sevgi metodu isə mənfidir. Uşağa həddindən artıq sevgi bəsləmək o uşağın tərbiyəsində müəyyən boşluqlar buraxmağımıza səbəb olacaqdır. Övladımızı sevək, çox sevək, amma ona zərər verəcək qədər sevməyək. Sevgimiz onun xətalarına qarşı bizi kor etməsin. Hər şeydə olduğu kimi, sevgidə də ölçülü davranmaq, orta yolu seçmək bizi müvəffəqiyyətə aparar.
3. Sevgisiz böyütmə metodu. Həddən artıq sevgi və sevgisiz böyütmə. Xeyr! Bu ikisinin ortasında qərar tutmaq lazımdır. Təəssüf ki, sevgisiz, qayğısız böyüyən (böyüdülən yox!) uşaqların sayı heç də az deyil. Əvvəllər valideynlərdən çox eşidirdik “mən uşağımın heç nəyini əskik eləmirəm, hər istədiyini alıram” kimi ifadələri. Halbuki uşağı xoşbəxt etmək onun hər istədiyini almaq deyil. Hətta ola bilər ki, istədiyi şey onun xeyrinə olmasın. Yenə də hər istədiyini verəcəyikmi? İkincisi, uşağın ən çox ehtiyac duyduğu şey sevgidir, qayğıdır. Bunlardan məhrum olan insanı heç bir maddi zənginlik doyura bilməz. Sevindirici haldır ki, son vaxtlar valideynlər maariflənir, bunun da nəticəsində ümid edirik ki, sevgisiz böyüyən uşaqların sayı azalır.
4. Dəyər verməmə metodu. Yaşı neçə olur-olsun, hər insan dəyərlidir, dəyər verilməyə layiqdir. Biz yalnız dəyər verdiklərimizdən dəyər görürük. Hamıya dəyər verməliyik ki, hamı bizə dəyər versin. “Sən hələ uşaqsan”, “Sənin başın çıxmaz”, “Yaşın çatmır” kimi ifadələr övladımıza yalnız zərər verər, onu mənən sındırar. Uşaq ağılsız deyil, sadəcə uşaqdır.
5. Uyğunsuz müqayisə metodu. Böyüklər də yaşıdları ilə müqayisə edilməyi xoşlamazlar. O ki, qaldı uşaqlar. Uşağın özünə inamının olmamasını, bizi sevməməsini istəyiriksə, onu müqayisə edək. Yox, əksinə, onun həyatda müəyyən mövqe tutmasını, bir şəxsiyyət kimi formalaşmasını arzu ediriksə, bu metodu tərk etməliyik. Məsələn, istəyirik ki, bizim də övladımız filankəs kimi dərslərini yaxşı oxusun. Əgər bu məqsədlə o filankəsi tez-tez uşağımıza nümunə göstərər, şişirdərək tərifləyəriksə, övladımız həm bizi sevməməyə başlayar, həm də onda filankəsə qarşı nifrət hissləri əmələ gələr. Və əlbəttə, insan nifrət etdiyi birisinə oxşamaq istəməz. Ona görə də, bu təhlükəli metodlardan uzaq durmaq lazımdır.
6. Aciz və intizamsız böyütmə metodu. Nə aciz, sadəlövh, hər şeydən çəkinən, qorxaq təbiətli; nə də qayda-qanun tanımayan, hədsiz azad olduğunu düşünən, nizam-intizamsız uşaq. Burada da orta yol. Hər istədiyini asanlıqla tapan adamın bir gün istəklərindən birinin qarşılanmayacağı təqdirdə psixologiyası alt-üst olar.
7. Uzlaşmazlıq metodu. Söhbət ata ilə ananın uzlaşmazlığından gedir. Əgər ata bir şey, ana isə başqa bir şey deyərsə, uşaq bu möhtəşəm ikili arasından sıyrılıb öz bildiyini edəcək. Tərbiyə bir bütündür. Valideynlər uşağa qarşı rollarını elə bölüşdürməlidirlər ki, uşaq hər iki tərəfdən bir-birini təkzib edən yox, dəstəkləyən təlqinləri özündə cəmləşdirsin və mükəmməl bir fərd ortaya çıxsın.
8. Qorxu metodu. Uşaq olsa-olsa yalnız valideyninin sevgisini, şəfqətini itirməkdən qorxmalıdır.
Vəssalam. Bizə əmanət olaraq bəxş edilən bu neməti qorxu ilə böyütməməliyik.
Əvvəldə də xatırlatdığımız kimi, keçən iki yazımızda uşaq tərbiyəsində müsbət metodlardan bəhs etmişdik. Mənfi metodları isə bir yazıda yekunlaşdırırıq. Buradan simvolik bir məna da çıxara bilərsiniz ki, deməli, müsbət metodlar, əslində, mənfi metodlardan çoxdur. Amma bunları tətbiq etmək üçün iradəyə, səbrə, təmkinə ehtiyac var. Bu çətin işdə bütün valideynlərə və başda müəllimlər olmaqla, bütün uşaq tərbiyəçilərinə uğurlar arzulayırıq!.

Mənbə: Zaman Azərbaycan

6 aprel 2014
GO BACK