Özünə zərər vermə barədə çox eşitmişik. Bəzi insanlar özlərindən asılı olmayaraq əsəbi vəziyyətdə saçını yolur, üzünə çırpır, ülgüclə qollarını kəsir, özünü döyür.
Özünü kəsmə, ya da yandırma davranışlarından birini davamlı təkrarlanması, özünə zərər vermədən əvvəl gərginlik duyğusuna sahib olması, fiziki ağrıyla birlikdə rahatlama, zövq alma və xoşuna gəlmə duyğusunu yaşaması, utanma duyğusu və ictimai olaraq damğalanma qorxusu qarşısında özünə zərər vermənin izlərini, ya da qanı gizləmə davranışları müşahidə edilən insanlar özünə zərər vermə xəstəliyindən əziyyət çəkənlərdir. ABŞ psixoloqlarının fikrincə, özünə zərər vermə halı iki mədəni (pirsinq, döymə, dağlama) və ictimaiyyət tərəfindən qəbul edilməyən formada özünü göstərir. İkinci kateqoriya 4 qrupa bölünür. Tipik özünə zərər vermə davranışları - baş vurmaq, özünə vurmaq, dodaq dişləmək, dırnaq yemək, dərisini çimdikləmək və ya cırmaqlamaq, özünü dişləmək və saçını yolmaq, psixotik özünə zərər vermə davranışları - göz çıxarmaq və orqan kəsmək, kompulsiv özünə zərər vermə davranışları - saç yolmaq, dərini çimdikləmək və dırnaq yemək və özündən asılı olmayaraq zərər vermə davranışları - özünü kəsmək, özünü yandırmaq və özünü vurmaqdır.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, özünə zərər vermə davranışı çox müxtəlif problemlər və pozuntularla əlaqəli ola bilər: "Özünə zərər vermə davranışları olan şəxslərin 80%-də bu davranış uşaqlıq çağlarından yaranır. Özünə zərər verənlərin 31-də özünə zərər vedikdən sonra peşmançılıq hissləri yaşanılır".
A.Əlibəyli deyir ki, özünə zərərverici davranışlar həm asılılıq xüsusiyyətinə sahib bir xəstəlik, həm də bir kömək çağırışıdır. Xəstələr özünə zərər verməyi bir növ "dərman" olaraq görür, özünü qısa bir müddət içində müalicə etməyə çalışırlar. Onlar özlərini kəsər, döyər, yaralayarlar. Bu hərəkətlərdə adamın intihar niyyəti yoxdur, yəni özünə verdiyi zərərlə həyatına son qoymağı düşünmür. Bu hərəkət insanın daxilində olan duyğularla mübarizə aparmaq üçündür. "Birinci qrup özünə açıqca zərər verənlərdir. Bu vəziyyət adamın özünə zərər verməsini, bunu dərk etməsi və güvəndiyi birinə bunu etiraf etməsidir. Artifiziel zərər ikinci qrupa aiddir. Bu qrupdakılar bədənlərinə təsir edərək, xəstələnməyə çalışanlardı. Məsələn, zəhərli maddələr qəbul edərək, çirkli su içərək özlərini xəstələndirirlər. Sonuncu qrup isə simulyasiyadır ki, bu qrupdakı insanlar müəyyən bir məqsədə çatmaq üçün özlərinə zərər verirlər. Bu qrupa əsasən gənclər daxildir. Xəstə gənc müəyyən bir mühitdən uzaqlaşmaq, ya da diqqəti öz üzərinə çəkmək üçün özünə zərər verər" deyən həmsöhbətimiz hesab edir ki, insan özünə hansı səbəblərdən zərər verirsə-versin, bu, problemi həll etmir. Onun sözləriə görə, xəstə bu hərəkətlə yalnız gerçək problemin qısa bir müddətə aradan qalxmasına yardım etmiş olur, problemi aradan qaldırmaq isə mümkün olmur.
Özünə zərər vermə ruhi bir böhranın və ya romantik bir xaosun açıq göstəricisidir. Bu hala düşmənin müxtəlif səbəbləri ola bilər. Zədələnmə, pis bir təcrübə, təcavüz, cinsi təcavüz, bir yaxınını itirmə normal insanın xəstə olmasına gətirib çıxara bilər. Xəstəlik əsasən yetkinlik çağında başlayır.
Psixoloq bildirir ki, özünə zərər verənlərin əksəriyyəti istəklərinə çatmaq üçün bu addımı atırlar. Özünü yaralama depressiya ilə əlaqəli olduğundan müalicə zamanı antidepresan dərmanlardan istifadə etmək məsləhət görülür:
"Hər nə olursa-olsun, ətafınızda belə insanlar varsa, xəstəliyin səbəbləri aydınlaşdırılmalıdır. Onlarla söhbət etmək, başa salmaq, onlara yaxın olmaq lazımdır. Özünə zərər vermə xəstəliyinin səbəbləri araşdırılıb müalicə edilməzsə, bu zaman keçdikcə daha ağır fəsadlar verə bilər".
Ekspress.az