Qadin.NET / Azərbaycanda səhiyyəsində ilk: onkoloji xəstəliklərə tutulma ehtimallarını öyrənmək mümkün olacaq

Azərbaycanda səhiyyəsində ilk: onkoloji xəstəliklərə tutulma ehtimallarını öyrənmək mümkün olacaq

 

 

Azərbaycanda irsi amillər nəticəsində onkoloji xəstəliklərə tutulma ehtimalından qorxan insanlar artıq bu xəstəliyə tutula bilib-bilməyəcəklərini əvvəlcədən, profilaktik məqsədlə yoxlaya bilərlər. Bu məqsədlə analizlər Azərbaycanda ilk dəfə olaraq yaradılmış Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Molekulyar Onkologiya Laboratoriyası tərəfindən aparılacaq.

Laboratoriyanın müdiri Leyla Məlikova Trend-ə bildirib ki, Molekulyar Onkologiya Laboratoriyası baza laboratoriyadır. Burada reaktivdən asılı olaraq, istənilən bütün növ genetik xəstəlik üzrə analizlər aparmaq olar. Ancaq hazırda digər elmi tədiqaqatlarla yanaşı, irsən keçən süd vəzisinin mutasiyalarının aşkarlanması üçün də genin diaqnostikası aparılır.

L.Məlikova deyib ki, əgər qadının nənə, ana, xala və bacısında, yəni bir xətt üzrə onkoloji süd vəzisi xərçəngi müşahidə edilirsə, bu zaman həmin xəstədən şübhələnmək lazımdır. Çünki belə şəxslər risk qrupuna daxil edilmiş sayılırlar.

Onun sözlərinə görə, xəstəliklərin yaranmasına səbəb olan mutasiyalar iki cür olur. İrsən olan mutasiyalar ata-ana vasitəsilə uşağa ötürülür. Somatik mutasiyalar isə orqanizmdə sonradan əmələ gəlir. Onkologiyada baş verən mutasiyalar somatik mutasiyalar sayılsa da, 20-40 faiz hallarda nəsildən-nəslə ötürülən genlər sayəsində yaranan mutasiyalar da onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Laboratoriya müdiri qeyd edib ki, hər hansı onkogenlərin mutasiyası nəticəsində hüceyrə öz normal funksiyasını itirir. Nəticədə normal hüceyrə onkohüceyrəyə çevrilir: "BRCA1 və BRCA2 adlı iki gen DNT sintez olunarkən hər hansı yol verilmiş səhvin bərpası ilə məşğul olurlar. Ancaq həmin genlərdə mutasiya varsa və bu, ata-anadan usağa ötürülürsə, onda onun sintez olunduğu zülal özünün bərpaedici funksiyasını yerinə yetirə bilmir. Nəticədə isə bu, qadınlarda süd vəzisi və yumurtalıq, kişilərdə isə daha çox prostat vəzisi xərçənginin yaranmasına səbəb olur. 20-40 faiz hallarda bu gen mutasiya şəklində ata-anadan uşağa ötürülə bilir. Bu isə böyük faizdir".

L.Məlikova deyib ki, əgər genlərin mutasiyası ata-anadan uşağa artıq ötürülübsə, onda onların övladı artıq onkoloji xəstəliklərin yaranma ehtimalına görə yüksək risk qrupuna daxil olur. Bu halda isə onun molekulyar analizinin aparılmasına ehtiyac yaranır.

Qeyd edək ki, artıq bu laboratoriyada analizlər verən 29 yaşlı qadının süd vəzisi xərcənginə tutulma ehtimalının olduğu müəyyənləşdirilib. Anası, nənəsi süd vəzisi xərçəngindən rəhmətə gedən bu qadının da həmin xəstəliyə tutulma ehtimalı olduğundan onun üzərində əməliyyat aparılıb və qadın bu xəstəlikdən qurtula bilib.
Mənbə: Milli.Az 

6 aprel 2014
GO BACK