Qadin.NET / Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama

Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama

"Ölkəyə idxal olunan benzin Tarif Şurasının tənzimlədiyi malların və xidmətlərin siyahısına daxil deyil"
Milli.Az xəbər verir ki, bunu anspress-ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib. O bildirib ki, Tarif Şurası yalnız ölkə daxilində istehsal olunan yanacağın qiymətlərini tənzimləyir:

“Hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir. Bu yanacaqların qiymətində hər hansı dəyişiklik gözlənilmir. Avro standartlara cavab verən avtomobil benzinlərinin (“Premium Avro-95” və “Super Avro-98”) qiyməti isə Tarif Şurasında müzakirə olunmur".

Xatırladaq ki, ötən gün ölkədə “Premium Avro-95 markalı benzin satışa çıxarılıb. Yeni növ benzinin 1 litr üçün qiyməti 93 qəpik təşkil edib. Qeyd edək ki, Aİ-95 markalı avtomobil benzinin satış qiyməti 80 qəpik idi.

Qeyd edək ki, Tarif Şurası aprelin ikisində də Azərbaycanda benzinin qiymətinin artırılması məsələsinə rəsmi münasibət bildirmişdi. Məlumatda deyilirdi ki, 2 dekabr 2013-cü il tarixindən sonra ölkə daxilində qiymətləri tənzimlənən avtomobil benzininin pərakəndə satış qiyməti dəyişdirilməyib. 

Belə ki, hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib.

Bununla belə, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib.

Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin (“Premium Avro-95” və “Super Avro-98”) nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır.

Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində, demək olar ki, istifadə olunmur.

Milli.Az

5 aprel 2014
GO BACK