Forbes" jurnalı və mərkəzi Dubayda yerləşən "Legatum" İnstitutunun mütəxəssisləri dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələrinin siyahısını hazırlayıblar. Siyahıya əsasən, Norveç dünyanın ən xoşbəxt ölkəsidir. Bu barədə cümə axşamı Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Norveç adambaşına düşən ÜDM həcminin 54 min dollar olması, ictimai yaşayışı və təhlükəsizlik şəraiti sayəsində növbəti dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib. Bu Skandinaviya ölkəsi 2009 və 2010-cu illərdə də siyahıya başçılıq edib.
Mütəxəssislərin hazırladığı siyahıda 110 ölkənin adı var. Ölkələr iqtisadiyyat, idarəçilik, təhsil, səhiyyə, təhlükəsizlik, şəxsi azadlıq, sosial əlaqələr və sahibkarlıq meyarları baxımından dəyərləndirilib.
Siyahıda Norveçi ardıcıl olaraq Danimarka və Avstraliya izləyir.
Dünyanın ən bədbəxt ölkəsi isə Mərkəzi Afrika Respublikasıdır. Burada 1 yaşı tamam olmayan uşaqların 10 faizi həyatını itirib və yoxsulluq hökm sürür. Mərkəzi Afrika Respublikasından sonra dünyanın ikinci bədbəxt ölkəsi Zimbabvedir. Pakistan isə ilk üçlüyü tamamlayır. Pakistanda əhalinin ancaq 30 faizi yazıb oxuya bilir və ölkədə işsizlik səviyyəsi 20 faizdir.
Myanma, Kuba və Koreya Xalq Demokratik Respublikası vətəndaşlarının sorğuda iştirak etməsinə icazə verilmədiyi üçün siyahıda yer almayıblar.
trend.az