Britaniyada xərçəng xəstəliklərinin bütün hallarının demək olar, yarısından qaçmaq mümkündür. Bu ölkənin alimlərinin araşdırmalarında bildirilir ki, onlar siqaret çəkmə, alkoqoldan həddindən artıq istifadə və qeyri-düzgün qidalanma səbəbindən baş qaldırır. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.
Hər il Britaniyada 130 min halda xərçəng xəstəliyi diaqnozu qoyulur. Bununla yanaşı, "Cancer Research UK" - Xərçəngin Öyrənilməsi Mərkəzinin məruzəsinə görə, risk amilləri arasında siqaret çəkmə liderlik edir. Belə ki, o, xəstələnən kişilərin 23 faizində, qadın pasiyentlərin isə 15,6 faizində xərçəng şişlərinin yaranmasına səbəb olur.
"British Journal of Cancer" jurnalında dərc olunan araşdırmada isə qida rasionunda təzə meyvə və tərəvəzin çatışmazlığı növbəti geniş yayılan səbəb hesab edilir. Bu problem əsasən kişilər üçün xarakterikdir. Qadınlar üçün isə xəstəliyin səbəbləri arasında ikinci yeri artıq çəki tutur.
trend.az