Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparır. Publika.Az xəbər verir ki, Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edir.
70 kq-da Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevi 10:2 hesabıyla, 1/4 finalda macar İstvan Qulyası 6:2 hesabıyla məğlub edib. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör olub. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 üstünlüyü ilə başa çatıb. Finala yüksələn Ruslan Dibirhacıyevin rəqibi erməni güləşçisi Qriqor Qriqoryan olacaq.
86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Pyotr Yanulovla gərgin keçən qarşılaşmadan üstün ayrılıb. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini asanlıqla mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macar İstvan Vereblə görüşdən məğlub ayrılıb və mübarizəni dayandırıb.
Final görüşləri Bakı vaxtı ilə saat 20.00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Anton Afanasyev (BLR) 10-2
1/4 final - İstvan Gulyas (HUN) - Ruslan Dibirhacıyev 2-6
1/2 final - Ruslan Dibirhacıyev - Yakup Gör (TUR) 5-4
FİNAL - Qriqor Qriqoryan (ARM) - Ruslan Dibirhacıyev
86 kq
1/16 final - Pyotr Yanulov (MDA) - Həmzət Osmanov 4-4*
1/8 final - Fırat Binici (TUR) - Həmzət Osmanov 0-10
1/4 final - İstvan Vereb (HUN) - Həmzət Osmanov 4-1
Azərbaycan yığması AÇ-2014-də artıq 5 medal qazanıb. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.
publika.az