Sabahdan Azərbaycanda havanın temperaturu yenidən yüksələcək. Havanın temperaturu bəzi ərazilərdə 23 dərəcəyə çatacaq.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 5-də hava əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Aran rayonlarında aprelin 5-də havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
Milli.Az