Yaz fəsli öz gəlişi ilə mövsümi xəstəlikləri də gətirir.
Milli.Az bildirir ki, sağlam insanlar mövsüm dəyişmələrini asan keçirsələr də, xəstə insanlarda müəyyən problemlər ortaya çıxır. Xüsusilə də soyuq qış günlərindən isti yaz günlərinə adaptasiya çətin olur.
El arasında “qanın durulması” dövrü adlanan yaz fəslində immun sistemi zəiflədiyindən insanlarda ümumi halsızlıq yaranır və infeksion xəstəliklərə qarşı müqavimət zəifləyir. Orqanizmdə maddələr mübadiləsi sürətlənir ki, bu da vitaminlərə, minerallara və zülallara ehtiyacı artırır. Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkimi Niyaz Hüseynov deyir ki, havaların isti keçməsi ilə əlaqədar olaraq, orqanizmdə qanyaradıcı orqanların da fəaliyyəti artır. Nəticədə insanlarda sinir sisteminin aktivləşməsi, arterial təzyiqin oynaması, daha çox qalxıb-düşməsi ilə müşaiyət olunan reaksiyalar sürətlənir. Həkimin sözlərinə görə, bu mövsümdə ağciyər, mədə-bağırsaq, revmatik xəstəliklər, allergiyalar daha da kəskinləşir. Həmçinin allergiyaların artması hesabına bronxial-astma xəstələrində tutmaların sayı artır.
Revmatik, oynaq, xroniki xəstəlikləri olan insanlarda proses daha da kəskinləşir. Kəskinləşmənin qarşısını almaq üçün ilk növbədə profilaktik olaraq müalicələr tətbiq olunmalıdır. Məsələn, əgər kimsə revmatik xəstədirsə, bitzin müalicəsi qəbul etməlidir ki, zədələnmiş orqanlar kəskinləşmə fazasına daxil olmasın. Həkim onu da bildirir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar bu mövsümü daha pis keçirirlər. Çünki, maddələr mübadiləsinin sürətlənməsi səbəbindən qanda şəkərin miqdarı qalxmağa meylli olur.
Milli.Az