Qadin.NET / Azərbaycanda hərbi qulluqçular üçün yeni binalar inşa edilir

Azərbaycanda hərbi qulluqçular üçün yeni binalar inşa edilir

Azərbaycanda hərbi qulluqçular üçün yeni binalar inşa edilir

Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsi gücləndirilir. Bu barədə Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib.

Onun sözlərinə görə, hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı icra olunur. Fərmana əsasən yaradılmış komissiya tərəfindən bu günə kimi hərbi qulluqçulara Bakı, Xırdalan və Naxçıvan şəhərlərində 300-ə yaxın daimi mənzil verilib.

Bundan əlavə, Bakı, Kürdəmir və Qusarda 500-dək hərbi qulluqçu və onların ailə üzvləri xidməti mənzillə təmin olunub.

V.Dərgahlı qeyd edib ki, hazırda hərbi qulluqçulara verilməsi üçün yeni binalar inşa edilir: "Bu işlər bu gün də davam etdirilir. Hazırda xeyli sayda yeni xidməti mənzillərin verilməsi üçün binalar inşa edilir. Hərbi qulluqçulara mənzillərin təqdim olunması məsələsinə gəlincə, onu da bildirmək vacibdir ki, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması, tələb olunan mənzillərin sayının və bölgüsünü müəyyən edilməsi 28 dekabr 2011-ci il tarixli Fərmana əsasən yaradılmış komissiyanın səlahiyyətləri çərçivəsindədir və bu sənədin icrası ilə bağlı Maliyyə Nazirliyi maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin edir".

Polkovnik bildirib ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, bu məsələlər Müdafiə Nazirliyinin daim diqqət mərkəzindədir və bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə iş davam etdirilir: "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsi aidiyyəti üzrə dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Təklif edilən bu qanun layihəsində hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsi ilə əlaqədar müvafiq müddəalar yer alıb. Layihənin qəbulunu hərbi xidmətin nüfuzunun daha da yüksəldilməsi, cəmiyyətdə ordunun imicinin və hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirmək mümkündür".

trend.az

4 aprel 2014
GO BACK