Qadin.NET / Mobil telefondan istifadə ilə xərçəng arasında əlaqə sübut olunmayıb

Mobil telefondan istifadə ilə xərçəng arasında əlaqə sübut olunmayıb

Mobil telefondan istifadə ilə xərçəng arasında əlaqə sübut olunmayıb

Alimlərin məlumatına görə, mobil telefondan istifadə ilə xərçəng xəstəliyi riskinin artması arasında birbaşa əlaqə aşkar olunmayıb. Trend-in məlumatına görə, bu barədə BBC-nin rus xidməti xəbər verir.

Bu məsələ ilə bağlı son tədqiqatlar Danimarkanın Xərçəng Epidemiologiyası İnstitutu tərəfindən aparılıb. Tədqiqatçılar son 18 il ərzində mobil telefondan müntəzəm istifadə edən 350 mindən artıq insanın sağlamlıq vəziyyətini araşdırandan sonra belə birmənalı nəticəyə gəliblər ki, telefon istifadəçilərində xərçəngin inkişaf etməsi şansı digərlərindən çox deyil.

Danimarkalı alimlər bundan əvvəl aparılan araşdırmanın nəticələrini əsas götürsələr də, telefonlardan daha uzun müddətdə istifadəni təhlil ediblər. Belə ki, 358 403 nəfər mobil telefon istifadəçisindən 356-da beyin xərçəngi, 846-da isə mərkəzi sinir sisteminin xərçənginin başqa formaları inkişaf edib. Lakin bu faiz orta statistik göstəricilərə uyğun gəlir. Hətta 13 il ərzində telefondan istifadə edən şəxslərdə xəstələnmə şansı artmayıb.

Alimlər xərçəngin daha uzunmüddətli perspektivdə inkişaf etmədiyinə əmin olmaq üçün araşdırmaları davam etdirmək barədə razılığa gəliblər. Bundan əlavə, onlar mobil telefonların uşaqların səhhətinə necə təsir etdiyinə daha çox diqqət ayırmağı vacib hesab ediblər.

Britaniyanın Səhiyyə Nazirliyi isə əvvəlki kimi 16 yaşınadək şəxslərə mobil telefondan çox istifadə etməməyi və onunla təması minimuma endirməyi tövsiyə edir. Baxmayaraq ki, məhz Britaniyanın Mançester Universitetinin əməkdaşları bunun belə olmadığını birinci sübut edənlərdən olublar. Alimlərin apardığı araşdırma xəstəliklə mobil telefondan istifadənin çoxluğu arasında əlaqəni aşkar etməyiblər.

trend.az

3 aprel 2014
GO BACK