Qadin.NET / "Tibbi sığorta haqqında qanun"da nələr dəyişməlidir?

"Tibbi sığorta haqqında qanun"da nələr dəyişməlidir?



Milli Məclisin aprelin 4-də keçiriləcək növbəti plenar iclası zamanı “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər ediləcək. Parlamentin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, görülən işlərin hamısı qarşıdakı illərdə icbari tibbi sığortaya keçid rolunu oynayır. Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” qanunun qəbulundan artıq 15 il keçib və bu gün Azərbaycanın imkanları, tibbi vəziyyəti və durumu çox irəlidədir: “Bütün bunları nəzərə alaraq qanun layihəsinə dəyişiklərin edilməsinə ehtiyac var. İcbari tibbi sığorta ilə bağlı hazırda ölkədə işlər gedir, yüksək standartlara cavab verən infrastruktur yaradılıb. Bu çox önəmlidir. İcbari sığorta o deməkdir ki, hər bir vətəndaş üçün dövlət büdcəsindən ayrıca pul ayrılacaq, insanlar sağlamlığı ilə bağlı harasa getsə, pulu dövlət tərəfindən ödəniləcək. Təbii ki, yaxşı infrastruktur olmasa, pullar lazımsız yerə xərclənəcək və heç bir ixtisaslaşmış tibbi müalicə-müayinədən danışmaq mümkün olmayacaq. On görə də icbari tibbi sığortaya keçid üçün ilk növbədə infrastruktur yaradılmalıdır. Buna paralel olaraq büdcənin zənginləşdirilməsi, dövlət büdcəsindən ayrılmalar, xüsusilə işləyən insanların icbari tibbi sığortası ilə bağlı müəyyən köçürmələr və insanların bununla təmin olunması istiqamətində müəyyən işlər görülür”.

Millət vəkili qeyd edib ki, son aylar bütün ölkə üzrə kütləvi olaraq insanlar icbari dispanserizasiyadan (tibbi müayinədən) keçirilir: “Əhalinin kütləvi müayinəsinin nəticəsi olaraq nə qədər vətəndaşın xəstə olduğu, onların əsas hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olacaq. Bundan sonra artıq qarşıdakı illərdə icbari tibbi sığortanın dövlət tərəfindən planlaşdırılması, ona təxmini nə qədər vəsaitin ayrılmasına dair məsələlər asanlıqla öz müsbət həllini tapacaq. İcbari tibbi sığortanı tətbiq etmək üçün əvvəldən bu sahədə mövcud olan problemləri öyrənmək lazımdır”. M.İbrahimqızı əlavə edib ki, “Tibbi sığorta haqqında” qanuna müəyyən dəyişiklərin edilməsi ümumilikdə bu sahədə olan mexanizmlərin sadələşdirilməsi və asanlaşdırılmasına xidmət edəcək.

Mütəxəssislər bildirirlər ki, icbari tibbi sığortanın tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq.

Qısaca qeyd edək ki, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqları dövlət tərəfindən ödənilir. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək, xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək.

Bəs, icbari tibbi sığortanın səmərəli tətbiqi üçün nələr lazımdır? İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, ilk növbədə qanunvericiliyin o cümlədən normativ hüquqi aktların uyğunlaşdırılmasına ehtiyac var. Belə ki, səhiyyə nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən, dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Ekspertin sözlərinə görə, Səhiyyə Nazirliyinin qərarlarının Azərbaycanın bu sahədəki qanunvericiliyinə uyğunlaşdırılması olduqca vacibdir.

V.Bayramov deyir ki, həmçinin sığorta ödənişlərinin işə götürənlə işçi arasında bölüşdürülməsi mexanizmlərinin aydın formalaşdırılması vacibdir: “Sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər. İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubandıracaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar. Buna görə də bir sıra Avropa ölkələrində olduğu kimi, icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur”.

Tibbi sığorta sisteminin inkişafı üçün əhalinin gəlirlərinin strukturunun dəyişdirilməsi də vacib məqamlardan hesab edilir. Bildirilir ki, hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizə qədəri istehlak mallarının alınmasına, 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Beləliklə, yerdə qalan vəsait az olduğundan əhali sığortalanmasında çətinlik var. V.Bayramov qeyd edir ki, Avropa və Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin 1/3-ni sığorta və digər bu kimi məsələlərə sərf edə bilir: “ABŞ-da hazırda ÜDM-in 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm hələlik 1 faiz intervalındadır”.

Ekspertin sözlərinə görə, səhiyyənin maliyyələşdirmə mexanizminin dəyişdirilməsinə ehtiyac var. Azərbaycanda hər min nəfərə 7,6 xəstəxana çarpayısı düşür: Bu göstərici Almaniyada 3,8, Türkiyədə isə 2,3-dür. Ölkəmizdə çarpayıların sayının çox olmasına baxmayaraq ondan istifadə göstəricisi başqa dövlətlərlə müqayisədə xeyli aşağıdır. Çarpayıların cəmi 26,1 faizi istifadə edilir. Bu göstərici Almaniyada 89,5, Rusiyada 86,0, Türkiyədə 61,9 faizdir. Avropa Birliyi üzrə həmin göstərici 76,9, MDB üzrə isə 85,9 faizdir. Buna görə də, icbari tibbi sığortanın tətbiqi ilə yanaşı, səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi olduqca vacibdir”.

Qeyd edək ki, icbari tibbi sığortada üç tərəf var; sığorta şirkətləri, xəstəxanalar və vətəndaşlar. Bu gün praktiki olaraq bu üç tərəfin sığorta münasibətlərinin tam formalaşdığını demək çətindir. Sığorta edənlə sığorta olunanların tibbi sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Təbii ki, bu münasibətlərin yaxşılaşdırılması və ya sivil müstəviyə keçməsi üçün sığortalıların maarifləndirilməsinə ehtiyac var. V.Bayramovun sözlərinə görə, həmçinin sığorta şirkətləri ilə dövlət xəstəxanaları arasında da münasibətlərin qurulmasında müəyyən problemlər var: Hələ də sığorta şirkətləri ilə dövlət xəstəxanalarının əksəriyyəti arasında münasibətlər sivil səviyyədə qurulmayıb. Sığorta sənədlərinin xəstəxanalarda qəbulu ilə bağlı problemlər qalmaqdadır. Bütövlükdə tibbi sığorta ilə bağlı biliklərin aşağı olması icbari tibbi sığortanın inkişafını tormozlayan faktorlardan biridir.

Milli.az

3 aprel 2014
GO BACK