“Orta məktəblərdə dərs ilinin müddətinin artırılması təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”. Bu barədə Lent.az-a Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Şahlar Əsgərov bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin şagirdlərinin zamanını nəzarətə götürməsi sevindiricidir: “İlimiz 52 həftədir. Bu 52 həftənin 32 həftəsi tədrisə həsr olunur. Yəni, Təhsil Nazirliyi şagirdlərin vaxt potensialının cəmi 60 faizini istifadə edir. 40 faiz isə boş qalır. Ona görə 32 həftə çox azdır. Bu resursdan səmərəli istifadə etmək lazımdır. Şagirdlər bir də şagird olmayacaqlar ki. Təhsil nazirinin müavini dərs ilinin müddətinin 35 həftəyə qədər artırılmasının planlaşdırıldığını deyib. Bu da yaxşıdır. Amma mən təklif edirəm ki, dərs ilinin müddəti 40 həftəyə qaldırılsın”.
Ş. Əsgərov bildirib ki, dərs ilinin müddətinin artırılması ilə şagirdlərin bir günə düşən dərs yükünü azaltmaq mümkündür: “Bunun nəticəsində də mənimsəmə yüksələcək, tədrisin keyfiyyəti artacaq. ABŞ prezidenti Barak Obama ilk prezidentliyinin 100-cü günü belə bir təkliflə çıxış eləmişdi. O demişdi ki, 2 ay yay tətili bizə aqrar Amerikadan miras qalıb”.
Təhsil eksperti dərs ilinin müddəti ilə bağlı Qərbi Avropa modelinin tətbiq olunmasını təklif edib: ”Qərbi Avropada da böyük və kiçik dövlətlər var. Təcrübə göstərir ki, balaca dövlətlərin təhsil indeksləri böyük dövlətlərin təhsil indekslərindən daha yüksəkdir. Biz Danimarka, İsveç, Finlandiya kimi ölkələrin təhsil modellərindən istifadə etməliyik”.
lent.az