Qadin.NET / Onlar diqqətsizliyimizdən varlanırlar

Onlar diqqətsizliyimizdən varlanırlar



Xəstəxanalar dolub-daşır, apteklərin bir çoxunda alıcı əlindən tərpənmək olmur. Yəqin razılaşarsınız ki, bu vəziyyətin yaranmasında keyfiyyətsiz qidalar az rol oynamır. Hələ bir müddət öncə qəzetimizə müsahibə verən kardioloq Abdulla Abdullayev bu mövzuda maraqlı fikir bildirmişdi: “Avtomobilə keyfiyyətsiz benzin tökdüyümüz zaman görürük ki, yaxşı işləmir. İnsan orqanizmi də elədir. Keyfiyyətsiz qidalar da insan orqanizmini məhz yaxşı işləməkdən məhrum edir. Müasir dövrdə müharibəyə ehtiyac yoxdur, çünki keyfiyyətsiz qidalarla insanlara nə istəsəniz etmək mümkündür. Bu qidalar silahlardan da dəhşətlidir”.

 
Keyfiyyətsiz qida məhsulları istehsal edənlərin bu işdən vaz keçməmələrinin bir səbəbi də bu sahədən kifayət qədər gəlir əldə etmələridir. Yəni alıcı var ki, qazanırlar ki, öz işlərinə davam edirlər. Həmin məhsulların alıcıları az olsaydı, işbazlar bu işə bu qədər maraq göstərməzdilər. Keyfiyyətsiz qida məhsullarının alıcılarının çox olması isə o deməkdir ki, biz cəmiyyət olaraq, istehlakçı olaraq, hələ tam maariflənməmişik, özümüzü yetişdirməmişik.
 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, nəzarət tədbirlərinə baxmayaraq, ticarət şəbəkələrində hələ də lazımi keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən, yararlılıq müddəti ötmüş və ya yararlılıq müddəti göstərilməmiş, mənşəyi məlum olmayan malların satılması halları müşahidə edilir və bu səbəbdən istehlakçılar mal alarkən diqqətli olmalıdırlar.
 
“Belə bir mərhələdə təbii ki, əhalinin keyfiyyətli və təhlükəsiz mallarla etibarlı təminatını nəzarətdə saxlamaq çətin və məsuliyyətli bir vəzifəyə çevrilib”, - deyə Dövlət Xidməti bildirir.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, ölkəmizdə ticarət şəbəkələrində keyfiyyətsiz malların satışı əvvəlki illərlə müqaisədə xeyli azalıb: “Dövlət Xidməti bu sahədə xeyli iş görüb. Bu sahədə maarifləndirilmə işləri də aparılır. Əhali özü də bir az fəal və qida seçərkən diqqətli olmalıdır”.
 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 012 498-15-01 və 012 498-15-04 nömrəli telefonlara zəng vurub, məlumat verməyi xahiş edir.
 
Xəstəxanalar dolub-daşır, apteklərin bir çoxunda alıcı əlindən tərpənmək olmur. Təəssüf ki, xəstəlikdən əziyyət çəkənlərin sırasında necə deyərlər, əlacı hələ tapılmayan onkoloji xəstəlikdən əziyyət çəkənlər də kifayət qədərdir.
 
Qəribədir ki, xəstəliklər təkcə Bakıda deyil, bütün ölkə boyu geniş yayılıb. Yəni kim bu vəziyyəti ekologiya ilə əlaqələndirmək istəyirsə, zənnimcə, yanılır. Bu məsələdə fərqli, ortaq yönlər var. Bunlardan biri də istifadə etdiyimiz qidalarla bağlıdır. O qidalar ki, faydası bir yana, canımıza zərərlidir. Keyfiyyətsiz qidaların bazarlarımızda kifayət qədər geniş yayılmasının bir səbəbi də kifayət qədər alıcısının olması ilə bağlıdır. Yəni alıcı olmasaydı, heç istehsal edən də olmayacaqdı. Bu cür qidaların alıcılarının çox olması isə ilk növbədə, bir istehlakçı olaraq bizim tam maariflənməməyimizdən xəbər verir. Necə deyərlər, görün biz hələ yolun harasındayıq. Halbuki, diqqət etməli, öyrənməli, olduğumuz məqamlar var.
 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin verdiyi məlumata görə, standartlara cavab verməyən, keyfiyyətsiz, müvafiq sertifikatları olmayan qida məhsullarının bazara yol açması ölkə ictimaiyyətini narahat edən məsələlərdəndir. Məhsulların daşınması və saxlanması zamanı normativ sənədlərin tələblərinin pozulması, ticarət obyektlərinin zəruri avadanlıqlarla təchiz edilməməsi, ticarət şəbəkələrində satılan mallara olan tələblərə riayət edilməməsi və s. kimi məsələlər istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır: “Belə bir mərhələdə təbii ki, əhalinin keyfiyyətli və təhlükəsiz mallarla etibarlı təminatını nəzarətdə saxlamaq, istehlakçıların hüquqlarının müdafiəsini gücləndirmək kifayət qədər çətin və məsuliyyətli bir vəzifəyə çevrilib”. 
 
Son nəticədə insan həyatı və sağlamlığı üçün ciddi fəsadlara yol aça bilir
 
Mövcud qanunvericiliyə görə, hər bir istehlakçının malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ var: “Bu, o deməkdir ki, istehlakçı aldığı malın qeyd olunan xüsusiyyətləri barədə tam əmin olmalı və ticatət obyekti buna təminat verməlidir. Bu baxımdan da sahibkarlar malın istehsalı, emalı, tədarükü, saxlanması, daşınması və satışı mərhələlərində onun keyfiyyətli və təhlükəsiz olmasını təmin etməyə borcludur. Bu sahəyə nəzarət edən müvafiq dövlət orqanları tərəfindən malların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı mütəmadi nəzarət tədbirləri həyata keçirilsə də, bəzən lazımi keyfiyyət tələblərinə cavab verməyən, insan həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükə törədən mallar bazara yol tapa bilir. Şübhəsiz, istehlakçılar malın keyfiyyəti və təhlükəsizliyi barədə tam məlumatlı olmadıqda və ya bu məlumatları əldə edə bilmədikdə bu cür mallar hər bir istehlakçının süfrəsinə kimi çıxa bilir ki, bu da sonda müxtəlif fəsadlarla nəticələnir”.
 
Belə olan təqdirdə istehlakçı mal alarkən onun keyfiyyətli olduğunu necə müəyyən etməlidir? Dövlət Xidməti bununla bağlı bir sıra zəruri məsələləri istehlakçıların diqqətinə çatdırıb: “Hər bir mal müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə uyğun istehsal edilməli və yalnız bundan sonra ticarət dövriyyəsinə çıxarılmalıdır. Texnoloji proseslərə düzgün əməl edilmədən istehsal olunan məhsulların keyfiyyət əlamətlərində və təhlükəsizlik göstəricilərində ciddi dəyişikliklər ola bilir. Araşdırmalar göstərir ki, kifayət qədər sterilizə edilməmiş məhsulda məhv olmamış mikroorqanizmlər qalır ki, onların inkişaf edərək çoxalması nəticəsində qaz yaranır, məhsulun turşuluğu artır. Digər tərəfdən bu cür məhsulda mikroorqanizmlər geniş yayıla bilir ki, bu da son nəticədə insan həyatı və sağlamlığı üçün ciddi fəsadlara yol aça bilir. Eyni zamanda malların daşınması, saxlanması, satışı zamanı mövcud ticarət qaydalarına, sanitar norma və qaydalara və digər tələblərə ciddi riayət olunmalıdır”. 
 
Tam əmin olmaq üçün həmin sənədləri tələb edin
 
Dövlət qurumu bildirir ki, mallar ticarət və ictimai iaşə obyektlərinə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, uyğunluq sertifikatı və s.) əsasında qəbul edilməlidir: “Alacağınız malın keyfiyyət və təhlükəsizliyinə tam əmin olmaq üçün satıcıdan həmin sənədləri tələb edin. Qeyd edilən sənədləri olmayan malları almayın. Nəzərinizə çatdırmaq istəyirik ki, müvafiq dövlət qurumları tərəfindən aparılan nəzarət tədbirlərinə baxmayaraq, ticarət şəbəkəsində hələ də lazımi keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən, yararlılıq müddəti ötmüş və ya yararlılıq müddəti göstərilməmiş, mənşəyi məlum olmayan malların satılması halları müşahidə edilir və bu səbəbdən istehlakçılar mal alarkən diqqətli olmalıdırlar. Digər tərəfdən malın üzərində onun adı, istehsalçının adı və ünvanı, tərkibi, istehsal tarixi, saxlanma müddəti, saxlanma şərtləri və şəraiti, xalis çəkisi, qida dəyərliliyi, sağlamlıq üçün zəruri maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi üsulları və qaydaları, məhsulun hazırlanmasında istinad olunan standartın və digər normativ-texniki sənədin adı və nömrəsi, məcburi sertifikatlaşdırılmalı mallar üçün “AZS” milli uyğunluq nişanı, sertifikatlaşma barədə qeyd və s. məlumatlar öz əksini tapmalıdır”. 
 
Fiziki-kimyəvi tərkibi dəyişir və ya məhsullar müxtəlif bakteriyalara yoluxur
 
Məlumdur ki, malın saxlanma şəraiti onun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən amillərdəndir. Malların ticarət obyektində saxlanma şəraiti və rejimi qanunvericiliklə müəyyən edilmiş qaydalar və tələblərlə tənzimlənir.
 
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, həmin qaydalara əsasən, hazır məhsullar ticarət obyektində malların uyğunlaşma prinsipinə və temperatur rejiminə düzgün əməl etməklə çeşidlər üzrə və partiya nömrələri nəzərə alınaraq yığılmalıdır: “Qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan, etiketsiz məhsulları realizə ediləcək məhsullarla bir yerdə saxlanıla bilməz. Təbii olaraq, məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilmədikdə onların xarici görünüşü, rəngi, iyi, dadı və s. orqanoleptik əlamətləri və fiziki-kimyəvi tərkibi dəyişə və ya məhsullar müxtəlif bakteriyalara yoluxa bilir. Odur ki, hər bir istehlakçı mal alarkən ilk növbədə, onun xarici görünüşündə, rəngində, iyində, dadında və s. əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir. Əgər malın qabında əziklər, batıqlar, kəsiklər, şişmə müşahidə edilərsə, özünəxas rəngində, iyində, dadında dəyişiklik hiss olunarsa, bu cür malları almaq olmaz. 
 
Mürəkkəb fiziki və biokimyəvi proseslər baş verə bilir...
 
İstehlakçılar bilməlidirlər ki, saxlama və temperatur rejiminə əməl edilməməsi, mal qonşuluğu prinsipinin pozulması və s. kimi halların geniş vüsət alması həmin malların keyfiyyətsiz və zəruri tələblərə cavab verməməsinin göstəricisidir. Məhsulların keyfiyyətli saxlama zəmanəti olmalı, keyfiyyətə ciddi nəzarət edilməli, saxlama, emal və satışın sanitar və gigiyenik normalarına ciddi nəzarət edilməli, yararlılıq müddəti keçməkdə olan malların satışına dair vaxtında tədbirlər görülməlidir.
 
Məsələn, mövsümlə əlaqədar olaraq balıq məhsulları, xüsusilə, dondurulmuş balıq ən çox istehlak olunan qida məhsullarından biridir. Ticarət və ictimai iaşə obyektlərində dondurulmuş balıq soyuducu kameralarda -5 və -60C temperaturda 14 günə qədər, soyuducusuz 1 gün, 00C temperaturda isə 2-3 gün saxlanıla bilər. Uzun müddət saxlanılan donmuş balıqda mürəkkəb fiziki və biokimyəvi proseslər baş verə bilir ki, bu da onun keyfiyyətinə öz təsirini göstərir. Texnoloji proseslərə, saxlanma rejiminə və s. düzgün əməl edilmədikdə konservləşdirilmiş məhsullarda da keyfiyyət dəyişikliyi baş verə bilir. Ona görə də, həmin məhsulları da alarkən istehlakçılar diqqətli olmalıdırlar. Bu kimi malların qabında pas ləkələri, zədələnmələr müşahidə olunursa, bu artıq ilk baxışdan həmin məhsulun keyfiyyətsiz olduğunu göstərir.
 
Malın qeyd olunan əlamətlərində hər hansı dəyişiklik müşahidə etsəniz, onu almaqdan çəkinin və onun etiketlənməsinə fikir verin. İstehlakçı malın üzərində yuxarıda qeyd etdiyimiz məlumatların göstərilməsinə və saxlanma müddətinin ötmədiyinə xüsusi diqqət yetirməlidir”. Hər hansı məhsulu alarkən problemlə üzləşsəniz və ya yuxarıda sadalanan hallarla rastlaşsanız, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 012 498 15 01, 012 498 15 04 telefonlarına zəng vurub məlumat verə bilərsiniz.
Milli.az
2 aprel 2014
GO BACK