Qadin.NET / Azərbaycan dünya ticarətinə cəlb edilmə indeksi üzrə mövqeyini yaxşılaşdırıb

Azərbaycan dünya ticarətinə cəlb edilmə indeksi üzrə mövqeyini yaxşılaşdırıb

Azərbaycan dünya ticarətinə cəlb edilmə indeksi üzrə mövqeyini yaxşılaşdırıb

Azərbaycan dünya ticarətinə cəlb edilmə qlobal reytinqində 4 pillə irəliləyərək 77-ci yerdə qərarlaşıb. Trend-in məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun (DİF) hesabatında deyilir.

DİF-in dərc etdiyi "Dünya ticarətinə cəlb edilmə-2014" hesabatı 138 ölkəni əhatə edib. Məruzə ETI ticarətinə cəlb edilmə indeksinə əsaslanır və 4 göstəricini - "Daxili bazara çıxış", "Sərhəddə inzibati idarəetmə", "İşgüzar mühit" və "Nəqliyyat və kommunal infrastruktur"u nəzərə alır.

2012-ci ildə hazırlanmış sonuncu hesabatda Azərbaycan 81-ci mövqedə qərarlaşmışdı.

Azərbaycan 2014-cü ildə daxili bazara çıxış göstəricisi üzrə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü olub. Ölkə işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olub.

Məruzədə, həmçinin ölkənin ticarətin sadələşdirilməsi üzrə tədbirlər və digər sahələrdə əldə etdiyi uğurlar qeyd olunur. Belə ki, Azərbaycan "Gömrük şəffaflığı indeksi" göstəricisi üzrə 39-cu, "Dövlət tənzimləmə normalarına uyğunluğun sadəliyi" üzrə 19-cu, "Xarici iştiraka açıqlıq" komponentləri üzrə 34-cü, "Əcnəbi işçi qüvvəsini işəgötürmə sadəliyi" üzrə 30-cu, "Cinayətkarlıqla bağlı məsrəflər" üzrə 45-ci, "Hava nəqliyyatı infrastrukturunun keyfiyyəti" üzrə 46-cı, "Dəmiryol infrastrukturunun keyfiyyəti" üzrə 35-ci, "Nəqletmə növünün dəyişməsinin səmərəliliyi" üzrə 43-cü, "Biznes-biznes sövdələşmələrində İKT-dən istifadə" üzrə 46-cı, həmçinin "Biznes-müştəri sövdələşmələrində İKT-dən istifadə" komponentləri üzrə 50-ci yeri tutub.

Bundan başqa, Azərbaycan digər əlavə göstəricilər üzrə aşağıdakı mövqelərdə qərarlaşıb: "İdxal üçün zəruri olan sənədlərin sayı" üzrə 126-cı, "İdxalın dəyəri" (konteynerə görə, dollarda) üzrə 127-ci, "İxrac üçün zəruri olan sənədlərin sayı" üzrə 121-ci, "İxracın dəyəri" (konteynerə görə, dollarda) üzrə 134-cü, "Logistikanın kifayətliliyi" üzrə 134-cü, "Məhkəmə effektivliyi və kommersiya mübahisələrində qərəzsizlik" üzrə 106-cı yer.

Hesabatın nəticələri göstərir ki, Sinqapur cəlb edilmə qlobal reytinqinə başçılıq edir. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Honq Konq və Niderland tutur. ABŞ məruzənin əhatə etdiyi 138 ölkə arasında 15-cidir.

Regionda reytinq üzrə ən yaxşı mövqe Gürcüstana (36-cı) məxsusdur. Ukrayna 83-cü, Moldova 92-ci, Qazaxıstan 94-cü, Rusiya 105-ci, Qırğızıstan isə 109-cudur. DİF-in hesabatında Tacikistan və Özbəkistan araşdırma mövzusu olmayıb.

2 aprel 2014
GO BACK