Qadin.NET / Yuli Qusman: "Bakı da mənim vətənimdir, Moskva da"

Yuli Qusman: "Bakı da mənim vətənimdir, Moskva da"



AzərTAc xəbər verir ki, martın 31-də Rusiya televiziyasının Birinci kanalındaVladimir Poznerin həftəlik müəllif proqramının növbəti buraxılışı efirə çıxmışdır. Budəfəki verilişin (http://www.1tv.ru/sprojects/si=5756 ) qonağı əslən Bakıdan olan kinorejissor, Rusiyanın “Nika” ilk milli kino mükafatının təsisçisi Yuli Qusman idi.

Proqramın formatına uyğun olaraq aparıcı siyasətçilərə, ictimai xadimlərə, mədəniyyət, incəsənət, elm, idman xadimlərinə suallar verir. Söhbət həftənin aktual hadisələrinə aid ola da bilər, olmaya da. Proqramın qonaqları həm də məşhur fransız yazıçısı və filosofu Marsel Prustun tərtib etdiyi anketdən bəzi suallara cavab verirlər.
Yuli Qusmanın Vladimir Pozner ilə söhbətindən bəzi parçaları təqdim edirik.
Aparıcının birinci sualı Yuli Solomonoviçin ata adını dəyişmək arzusu olub-olmaması barədə idi: “Sən Bakıda böyüyəndə qondarma beşinci bənd sənin yaşamağına mane olurdumu?” Proqramın qonağı bu suala belə cavab vermişdir: “Mən elə bir şəhərdə böyümüşəm ki, orada, ümumiyyətlə, belə fikir yarana bilməzdi. Mənim atam, professor Solomon Moiseyeviç Qusman Bakıda hörmətli bir insan, Cənubi Qafqazda ən yaxşı həkimlərdən biri olmuşdur. Anam Lola Yuryevna Barsuk professor, ingilis dili müəllimi, prorektor, hörmətli bir qadın idi. Mən Solomonoviç ata adımla həmişə fəxr etmişəm və indi də bundan qürur duyuram. Mənimlə bir sinifdə 19 millətin nümayəndələri oxuyurdu, bu barədə dəfələrlə danışmışam. Onlardan 16-sı barədə indiyə qədər heç nə bilmirəm, yəni kimin hansı millətdən olduğunu bilmirəm. Başa düşürdüm ki, Məmmədov, Kərimov – azərbaycanlı, Vasilyev, Vasin – rus, Sarkisov, Saakyan – ermənidirlər. Amma mənimlə bir sinifdə Valeri Aqarudov oxuyurdu, onun hansı millətdən olduğunu indiyə qədər bilmirəm və bunun heç bir əhəmiyyəti yox idi. Ona görə bu gün mənə deyəndə ki, milli məsələni yalnız söyüşmək və döyüşmək yolu ilə həll etmək olar, mən deyirəm ki, bu düz deyil. Bakıda biz yaşlılara mütləq mənada hörmət, uşaqlara və valideynlərə məhəbbət şəraitində yaşayırdıq. Onların kim olmasının heç bir əhəmiyyəti yox idi. Vadik Vasinin atası Zabitlər Parkında karuseldə bilet satırdı, İqor Sarkisovun atası isə şəhərin baş memarı idi...”.
Vladimir Pozner 1990-cı ilin yanvar ayında Bakıda baş vermiş hadisələri xatırladanda Yuli Qusman belə cavab vermişdi: "Xocalıda azərbaycanlıları qırmışlar. Bu məsələ bugünkü söhbət üçün mövzu deyil. Deyə bilərəm ki, mənim Bakıda yaşadığım dövrdə - mən isə ömrümün çox hissəsini orada yaşamışam – Orada heç kəsi asıb kəsmirdilər, bu barədə fikirləşmək də mümkün deyildi. Ermənilər cəmiyyətin hörmətli üzvləri idi, Bakıda onların sayı çox idi.
Elə özümün məktəb həyatımdan misal göstərə bilərəm. Bizim buraxılış siniflərində 63 məzun var idi, onlardan ikisi məktəbi qızıl medalla bitirdi. Mən də medal almağa namizəd idim, Kərimov da, Soskin də. Medal alan isə iki nəfər oldu – Sarkisov və Saakyan, hər ikisi erməni.
Bu hadisələr necə baş verdi və təqsirkar kimdir – bu, olduqca kədərli, ağır və iyrənc əhvalatdır. Burada mən nəinki hakim, hətta şahid qismində də çıxış edə bilmərəm. Sadəcə onu bilirəm ki, mənim uşaqlıq, yeniyetməlik və gənclik illərimin keçdiyi şəhərdə xalqlar dostluğu problemi, ümumiyyətlə, yox idi. Buna inana da bilərsiniz, inanmaya da, gülə də bilərsiniz. Amma belə idi.
Yalanı xoşlamıram. Amma cəmiyyətdə təcavüz, nifrət, kin-küdurət və paxıllıq baş alıb gedəndə mənim heç xoşuma gəlmir. Burada heç bir yaxşılıq gözləməyə dəyməz. Mən Qafqazı yaxşı tanıyıram. Qafqazlılar çox məğrur, güclü və müstəqil adamlardır. Hansı qafqazlının yanına açıq ürəklə gəlsən, ona əl açsan, heç vaxt səni qovmaz, heç vaxt sənə daş atmaz.
Uzun illər boyu yanaşı yaşamış iki xalqın üzləşdiyi dəhşətli, iyrənc müharibə ilə bağlı hadisələr, qan tökülməsi, iztirablar haqqında sən belə danışanda çox inciyirəm. Mənə elə gəlir ki, kimsə bu problemi həll edə bilmir və daim adamları bir-birinin üstünə qızışdırırlar. Bu, mənim heç xoşuma gəlmir.
Bakıda, liberal deməzdim, lakin çox yumşaq sistem vardı. Məsələn, Prezident Heydər Əlirza oğlu Əliyevin dövründə incəsənətin bütün növləri inkişaf edirdi. Yazıçılara, rəssamlara, bəstəkarlara, Şən və hazır cavablar klubunun üzvlərinə xüsusi diqqət yetirilirdi. O vaxt laxlamaqda olan rejim o qədər də qorxulu deyildi.
“İusus Xristos – superulduz” adlı bir tamaşa hazırlamışdım. 1972-ci ildə “Qaya” ansamblı ilə birlikdə ingilis dilində bir süita tamaşaya qoymuşdum. Bu əsəri Bakıda müəllimim və dostum Mark Yeqoroviç Rozovski ilə birlikdə tamaşaya qoyduq və həmin tamaşanı Moskvaya apardıq. “Rossiya” konsert zalında 10 gün bu tamaşa böyük uğurla göstərildi. Onuncu gün ingilis dilini başa düşən bir adam tamaşaya gəldi və 24 saat ərzində bizi Moskvadan qovdular. Xristian dəyərlərini təbliğ etdiyimə görə məni – bakılı yəhudini qovdular.
İş burasındadır ki, mənim oxuduğum 160 nömrəli məktəb, Tibb İnstitutu, keçmiş Pyotr Montin küçəsi, dənizkənarı bulvar – bütün bunlar təkcə sovet dövrünün xatirələri deyil, mənim şəhərim, mənim vətənim, mənim ölkəmdir. Əcdadlarımın beş nəsli Azərbaycan torpağında dəfn edilmişdir. Heç bir sistem bunların üstündən qələm çəkə bilməz.
Mən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin üzvü olmuşam. Azərbaycanda komsomol, belə demək mümkündürsə, ictimai iş üçün paj korpusu idi. Mən həmişə ictimai işlə məşğul olmuşam.
İki övlad arasında seçim etmək çətin olduğu kimi, mən də Bakı ilə Moskva arasında seçim edə bilmərəm. Ona görə ki, Bakı da mənim vətənimdir, Moskva da. Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır".

Yuli Qusman: "Bakı da mənim vətənimdir, Moskva da"
Milli.Az
1 aprel 2014
GO BACK