Məlum olduğu kimi, elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır.
Tövsiyələrə əsasən, parol bütöv bir sözü ifadə etməməli, ən azı 8 simvoldan ibarət olmalı və böyük və kiçik hərflərdən təşkil olunmalıdır. Bununla yanaşı, istifadəçilərin rəqəm və simvollardan istifadə etməli olduğu da tövsiyələrə daxildir.
İstifadəçilər bu qaydalara əməl etməklə Elçin90eLi kimi bir şifrə yarada bilər, lakin bu şifrəni çətin şifrə hesab etmək olmaz. Çünki bütöv sözü (Elçin eli) ifadə edib.
Mərkəz bildirir ki, bu halda çətin və yaddaqalan şifrə yaratmağın ən sadə üsulu sizə yaxın olan bir cümlənin baş hərflərindən istifadə etməkdir. Nəzərdə saxlayaq ki, həmin cümlədə hər hansı xüsusi rəqəmlərdən də istifadə olunması sizin şifrəni daha da çətinləşdirəcək. Məsələn, Mənim balaca qardaşım İsmayıl 14 dekabr 2005-ci ildə Bakıda anadan olmuşdur.
Bu cümləni təşkil edən sözlərin ilk hərflərindən istifadə edərək şifrəmizi yaradırıq: Mbqİ14d25iBao və ya qısa cümlədən istifadə edirik: Mən 1993-cü ildə Bakıda anadan olmuşam.
Həmin cümləni təşkil edən sözlərin ilk və son hərflərindən istifadə etməklə də öz çətin parolunuzu yarada bilərsiniz: mn13iəBaanom
Qeyd edək ki, əgər istifadəçi düşünürsə ki, bu cümləni unuda bilər, o halda həmin cümləni bir yerdə qeyd edə və unutduğuna da baxa bilər. Lakin həmin cümləni harasa qeyd edərkən altından parolum, fb parolum kimi ifadələrdən istifadə etməməli olduğunu unutmamalıdır.
Milli.Az