Vaxtsız yağan qar Cəlilabad rayonunda kənd təsərüfatına ciddi ziyan vurub. Bu ziyan özünü daha çox kartof sahələrində göstərib. Havaların belə kəskin dəyişəcəyini gözləməyən təsərrüfat sahibləri çaşbaş qalıblar. Soyuq və şaxta təzə pöhrələnmiş kartof kollarının donmasına səbəb olub.
Milli.Az CTV-yə istinadən xəbər verir ki, yazın ilk günlərində havaların əlverişli keçməsi təsərrüfatlarda da canlanmaya səbəb olmuşdu. Torpağa vaxtından əvvəl hərarətin gəlməsini və əkilən toxumun erkən cücərməsini fürsət bilən əkinçilər yaz-tarla işlərinə erkən başlasalar da, bir neçə gün əvvəl qəfil yağan qar onların çəkdikləri zəhməti şaxtaya verdi. Mütəxəssislər təsərrüfat sahiblərinin mart ayının üçüncü on günlüyündən etibarən becərmə işlərinə başlamalarını normal hal kimi qimətləndirir. Lakin tez gələn yaz havasının arxasınca qarı gətirməsi məhsuldarlığa ciddi ziyan vurub. Çətin vəziyyətdə qalan təsərrüfat sahibləri qarın yağması ilə kartof sahələrinin yararsız hala düşməsindən narahatdırlar.
Təcrübəli mütəxəssislərin dediklərinə əsasən, havaların belə keçməsi təsərrüfatlarda məhsuldarlığın aşağı düşməsi, satış bazarının zərərlə müşahidə olunması və daha çox becərilən məhsulların sahələrdə qalması ilə nəticələnir. Buna baxmayaraq sabaha ümidlə baxan əkinçilər zəhmətlərinin bada getməyəcəyinə inanırlar. Xatırladaq ki, sonuncu dəfə mart ayında belə hava şəraiti 2010-cu ildə qeydə alınıb.
Mənbə: Milli.Az