APA-nın məlumatına görə, bunu CNN telekanalına müsahibəsində Krım tatarlarının lideri Mustafa Abdulcəmil Kırımoğlu deyib.
“Əlbəttə ki, biz bu təcavüzü tanımırıq. Ölkəmizin, Ukraynanın bütövlüyünün qorunmasının tərəfdarıyıq. İş ondadır ki, təcavüzkar qüvvələrin martın 16-da keçirdiyi referenduma qatılmamışıq, onu boykot etmişik. Təkcə biz yox, etnik ukraynalılar da, ruslar da referendumu boykot ediblər. Məlumatlarımıza görə, Krım tatarlarının yalnız 5% bu referendumda iştirak edib”, - deyə o vurğulayıb.
Referendumun nəticələri ilə bağlı rəsmi məlumatların yalan olduğunu deyən M.Kırımoğlu qeyd edib ki, səsvermədə Krım əhalisinin 82% deyil, 32,4% iştirak edib.
Rusiya prezidenti ilə görüşündən danışan M.Kırımoğlu ona referendumun keçirilməsi planını qəbul etmədiklərini bildirdiyini deyib. Buna baxmayaraq Putin krımlıların fikrinin öyrənilməsinin vacibliyinə təkid edib.
“Rusların daha uzağa gedə biləcəklərinə gəldikdə, düşünürəm ki, bu, Rusiya tərəfindən ağılsızlıq olardı. Çünki Ukrayna Müdafiə Nazirliyinin qərarı var. Ordumuzun Rusiya ordusundan nə dərəcədə zəif olması önəmli deyil. Onların ordusu irəliləməkdə davam etsə, biz atəş açacağıq. Çətin ki, bu, Rusiya, yaxud da Putinin marağında olsun. Biz heç nəyi istisna edə bilmərik. Lakin bütün bunlar qan tökülməsinə gətirib çıxaracaq. Buna görə də Krım tatar xalqının Məclisi Krımda BMT kontingentinin yerləşdirilməsini xahiş edib. Əminəm ki, biz nüvə dövləti olsaydıq, bu cür hadisələr baş verməzdi”, - deyə M.Kırımoğlu vurğulayıb.
Milli.az