Qadin.NET / Üz deyil ki, sənət əsəridir

Üz deyil ki, sənət əsəridir

 

 

Face arta uşaqlar daha çox maraq göstərirlər
Son illərin uşaq əyləncəsi arasında üz boyama özünü daha çox büruzə verir. Əyləncə mərkəzlərində, uşaq əyləncə klublarında bu işlə məşğul olan xüsusi bölmələr yaradılıb. Ən çox uşaqların diqqətini cəlb edən üz boyama sənəti böyüklər tərəfindən də maraqla qarşılanır.

Üz boyama - face art sənətinin qədim tarixi var. Üz boyama sənəti Amerika qırmızıdərililəri, Afrika və Cənub Amerika qəbilələrinin ortaq təmasıdır. Naxışlar zamanla inkişaf etmiş və əhəmiyyətli hadisələri özündə əks etdirir.

Face art ustası Samirə Həşimovanın sözlərinə görə, bu gün ölkədə onlarla face art ustası olsa da, bu sənət Azəbaycanda o qədər də inkişaf etməyib. Bu gün ən çox uşaqların üstünlük verdiyi face art ara-sıra gənc xanımların da marağına səbəb olur: "Face art müxtəlif boyalarla üzü müxtəlif şəkillərlə boyama deməkdir. Bu gün uşaqlar ən çox "BenTen", "Hörümçək adam", müxtəlif heyvan rəsmləri, qızlar isə gül, kəpənək rəsmlərinə üstünlük verirlər".

Müsahibimiz deyir ki, boyama işi o qədər də asan deyil, bunun üçün boyaların dilini bilmək lazımdır. Boyanın biri qurumamış digərini çəkmək boyaların qarışmasına səbəb olur. Bununla yanaşı uşaqların istəyindən asılı olaraq, çəkilən rəsmlər uşağın üzünə, ruhuna uyğun olmalıdır. Məsələn, "Hörümçək adam" olmaq istəyən uşağa "quldur" rəsmini çəkmək olmaz. Bu, uşağın ruhunu incidər.

S.Həşimova face artda rənglərin də böyük önəm daşıdığını bildirir. Qırmızı enerjili və şən bir rəngdir, mavi və yaşıl dinc və əyləncə, qara matəm rəmzidir. Üz rəngləmədə istifadə edilən fiqurlar bizim təxəyyülümüzlə məhduddur. İndiki zamanda üz boyama üçün istifadə edilən naxışlarda rəng növləri, vəsaitlər və materialların köməyi ilə həqiqətən fərqli dizaynlar yaratmaq mümkündür. Ənənəvi üz boyama dizaynlarını dini mərasimlərdə, təbiətdə edilən müxtəlif ayinlərdə və döyüşlərdə döyüşçülərin istifadə etdiyini görə bilərik. Keçmişdən bu günə qədər inkişaf edən bu dizaynlar, indiki zamanda isə bir çox fiqurun birlikdə istifadə edildiyi daha qarışıq dizaynlar olaraq teatrlarda (Yaponiya, Çin, Hindistan) qarşımıza çıxır: "Face artda insan fiqurlarından qırmızıdərili, Afrika, Asiya yerliləri və diqqətə çarpan siyasətçilər, kral, kraliça, şahzadə və s. istifadə edirdi, heyvan fiqurları - kəpənək, pişik, aslan, panda və film qəhrəmanları isə bütün ölkələrdə ancaq uşaqlar tərəfindən istifadə edilir. Gənclər və qız uşaqları tərəfindən seçilən bitki motivləri gündəlik həyatda da istifadə olunur. Ən çox seçilənlər lalə, qızılgül, gəlincik, sarmaşıq, çobanyastığı kimi fiqurlardır. Xəyali fiqurlar isə karnavalların imtina edilməz fiqurlarıdır. Belə xüsusi günlərdə cadugərlər, pərilər, vampir firqurlarına daha çox yer verilir. Bu gün bizə müraciət edən uşaqlar əsasən televiziyadan və ya kinolardan bildikləri qəhrəmanlara bənzəmək istəyirlər. Məsələn, "Hörümçək adam", "Supermen" və s".

S.Həşimovanın bildirdiyinə görə, gənc xanımlar body arta -bədən boyamaya daha çox üstünlük verirlər. Bədən boyama sənəti artistik vizual sənətdir. Burada insan bədəni elastik bir tablo olaraq istifadə edilir. Bu, bənzərsiz rəngli tablo özündə çox mənanı birləşdirir. Boyama etdirənlər və maraqlıları bu işi yaradıcılıq nümunəsi kimi qəbul etsələr də, boyamanı ədəbsiz və riskli qəbul edənlər də az deyil: "Biz boyuna, əllərə, qollara, çiyinlərə, ayaq və qıçlara rəsmlər çəkirik. Bu rəsmlər gözə xoş görünür və uşaqları çox sevindirir. Gənc xanımlar gündəlik həyat üçün etməsələr də, toya, hansısa yığıncağa gedəndə ən çox qollarına və ayaqlarına rəsmlər çəkdirirlər. Biz burada xüsusi boyalardan, zərlərdən və kleydən istifadə edirik. Kleylə çəkilən rəsmlər bir həftə bədəndə qalır. Boyalarımız bahalı, keyfiyyətli boyalardır, dəriyə zərər vermir".

Döymə və digər bu kimi sənətlərin əksinə bədən boyama keçicidir. Dəriyə tətbiq olunur və bir neçə saat, ən çox isə bir həftə istifadə edilir.

Bədən boyamanı bir neçə saat istifadə etdikdən sonra yuyaraq, əvvəlki vəziyyətinizə qayıda bilərsiniz. Bədən boyama sənəti bədənin bəzi hissələrinə edilən kiçik dizaynlarla yanaşı, bütün bədənə də tətbiq edilə bilər. Bəzən naxışlar birbaşa bədənə, bəzən də paltarların üzərinə tətbiq olunur. Bədən və üz boyamada sulu boyalarla yanaşı, yağlı boyalardan da istifadə edilir. Boyalar bədənə xüsusi fırçalarla çəkilir. Bədəninə kimyəvi maddələr vurdurmaq istəməyənlər isə təbii maddə olan həna ilə bədənlərinə müxtəlif naxışlar çəkdirə bilərlər.

Ekspress.az
1 aprel 2014
GO BACK