Qadin.NET / Təqlidin hansı mənfi cəhətləri var?

Təqlidin hansı mənfi cəhətləri var?

 

 

Təsir altına düşən şəxs asanlıqla içkiyə və narkotik vasitələrə qurşana bilər
Təqlid başqalarının hərəkət, əməl və işlərini yamsılamaqdır. Bu zaman insanda rəftarın yeni formaları yaranır. Qeyd edək ki, heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, insan özündən asılı olmadan da kimisə təqlid edir: "Təqlid zamanı şəxs kiminsə hərəkətlərini, jest və mimikalarını təkrarlayır, xarici görünüşünü də həmin adama oxşatmağa çalışır. Elə adamlar olur ki, başqalarının həyat tərzini də mənimsəməyə çalışırlar".

Psixoloq qeyd edib ki, özünə o qədər də əmin olmayan adamlar başqalarının həyata baxışını öyrənməyə və öz fikirlərini buna nəzərən dəyişməyə çalışırlar: "Uğur qazanmış insanın iş fəaliyyətini, idarəetmə bacarığını, danışıq qabiliyyətini, qərar qəbul etmək tərzini təqlid edənlər çox olur. Onlara elə gəlir ki, uğur qazanmış, ağıllı bir insanı təqlid edərək, onlar da uğur qazana bilərlər. Bəzi hallarda bu baş verir".

Bəzən olur, şəxsi qarşıdakı insan o qədər cəlb edir ki, ona bənzəməyə çalışır. Elə hesab edir ki, ona bənzəsə o, başqalarının diqqətini cəlb edəcək. Rzayeva qeyd edib ki, şəxs təqlid etdiyi adama çox vaxt vurğun olur. Həmin adam onun o qədər xoşuna gəlir ki, ona oxşamağa çalışır. Bəzi hallarda isə təqlid olunan obyektə nifrət və paxıllıq hissi də müşahidə olunur.

Təqlid etmək oxşatmaqdır, amma həmin şəxs olmaq demək deyil. Təqlid mənfi və müsbət ola bilər. Müsahibimizin dediyinə görə, bu, insanın düşdüyü mühitdən asılıdır. Mühitdə hansı keyfiyyətlərə dəyər verilir, insanlar kim kimi olmaq və ya yaşamaq istəyir. Şəxs əgər düşdüyü mühitin tələblərinə cavab verirsə, özünü təsdiq etmiş hiss edir, cavab vermirsə, özünü uğursuz hiss edir. Xüsusilə də yetkin olmayan, təsir altına tez düşən, öz fikri olmayan və ya öz fikrini təsdiq edə bilməyənlər təqlidə meylli olur. Dünyagörüşü inkişaf etməyən, formalaşmayan şəxslər istənilən, buna layiq olmayan adamı belə təqlid edə bilərlər. Misal üçün, utancaq, qapalı yeniyetmə başqa daha cəsarətli və pis hərəkətlərə meylli olan yeniyetmənin təsir altına düşə bilər. Utancaq yeniyetmə özünü pis aparan həmin yeniyetməyə bənzətməyə çalışacaq. Ona görə ki, özü cəsarətli ola bilmədiyi üçün həmin adam ona çox sərbəst və cəsarətli görünür. Elə hallar da olur ki, yeniyetmələr bir qrup yeniyetmənin təsiri altına düşür. Onlar öz aralarına onu qəbul etsinlər deyə onları təqlid etməyə başlayır. Əks halda qrup onu qəbul etməyəcək. Bu tip təqlid dostluq əlaqələrinin qurulması üçün baş verir.

Həmsöhbətimiz qeyd edib ki, təqlid heç də həmişə mənfi xarakterli olmur: "Layiqli insanlara da təqlid olur. Seçdiyi layiqli insana bənzəmək istəyi şəxsi özü üzərində daha çox işləməyə və inkişaf etməyə vadar edir".

Psixoloqun dediyinə görə, uşağın inkişaf mərhələlərində təqlid mühüm rol oynayır: "Körpəlikdə uşaq anasının səsini və mimikasını təqlid edir, nitq qabiliyyətinin ilkin inkişaf mərhələlərini mənimsəyir. Məktəbə qədər olan dövrdə uşaq artıq başqa böyükləri də təqlid etməyə başlayır. O, ətrafında baş verən hadisələri təhlil edir, insanların hansısa situasiya ilə bağlı hərəkətlərini anlamağa başlayır" deyən R.Rzayeva bildirib ki, təqlid xüsusilə də yeniyetməlik dövründə çox mühümdür. Yeniyetmə sadəcə təqlid etmir, o, onun üçün vacib olan şəxslə eyniləşmək istəyir: "Elə tip adamlar var ki, onlar üçün təqlid və tənqidsiz ətrafdakıların fikri ilə razılaşmaq psixoloji və sosial fəaliyyətlərinin əsasını təşkil edir. Belə insan düşüdüyü mühitdəki insanların fikri ilə dərhal razılaşır. Düşüncə tərzini onlara uyğun dəyişir. Lakin başqa bir qrup insanların təsiri altına düşdükdə də yenidən fikirlərini, hətta tam əks istiqamətdə də dəyişə bilir".

Onun sözlərinə görə, belə insanların bir qayda olaraq öz fikri olmur: "Onun fikirləri, həyata baxışı tez-tez ünsiyyətdə olduğu insanların fikirləri və həyata baxış tərzi ilə üst-üstə düşür. Onlar başqalarından fərqlənməyə can atmır, çoxu nə edirsə, o da onu etmək istəyir, ünsiyyətdə olduğu insanlar nəyə malikdirsə, o da onlara malik olmaq istəyir. Belə insanlar pis təsir altına düşsələr, asanlıqla içkiyə və narkotik vasitələrə qurşanırlar. Onlar oxuduqları qəzetdə və ya kitabda yazılanları, seçdikləri verilişdə göstərdiklərini həqiqət sayırlar. Ünsiyyətdə olduğu insanların geyim tərzini, həyat tərzini yamsılayırlar".

Ümumiyyətlə, insanların çoxu ekranda, filmdə gördüklərini təqlid edirlər. Özləri üçün davranış nümunələri seçirlər. Davranış nümunələrinin isə heç də hamısı müsbət olmur.

Təqlid dəb aləmində də geniş yayılıb. Geyim, saç düzümü, avtomobil, pəhrizlər də dəbə görə dəyişir. Psixoloq nəzərə çatdırıb ki, dəb dəyişdikcə insanlar dəbi təqlid etməyə başlayır. Bəzən dəbdir deyə, yaraşmayan geyim alır və ya saç düzümü edirlər. Bəzən təqlid etmək o səviyyəyə çatır ki, dəb insanın həyatının mənasına çevrilir.

Ekspress.az
1 aprel 2014
GO BACK