10:34
Azərbaycanın tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Hüseynov ötən gecə dünyasını dəyişib.
Yazıçının qızı Sevinc Hüseynova anspress-ə açıqlamasında atasının uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyini söyləyib. Onun sözlərinə görə, 86 yaşlı İsa Hüseynovun qəfildən səhhəti pisləşib və dünyasını dəyişib: “Atam ürəyindən ölmədi. Qəfildən onda boğulmalar baş verdi və dünyasını dəyişdi. Biz onun beyin insultu keçirdiyini güman edirik”.
Daha sonra S. Hüseynova atasının dəfn işlərinin dövlət səviyyəsində aparılacağını da sözlərinə əlavə edib.
----------
10:13
Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun (Muğanna) dəfni ilə əlaqədar ailəsinə hər hansı bilgi verilməyib.
Bu barədə məlumatı AzNews.az-a mərhum yazıçının həyat yoldaşı Füruzə Hüseynova verib.
O deyib ki, İsa Muğannanın dəfni ilə bağlı ailəyə hələ ki, heç nə deyilməyib: “Dəfnlə bağlı prosesin hansı şəkildə həyata keçiriləcəyini gözləyirik. Yəqin ki, hökumət bununla bağlı bizə hansısa məlumat verəcək”.
F. Hüseynova qeyd edib ki, İsa Muğanna gecə saatlarında dünyasını dəyişib: “Rəhmətə gedəndən sonra qaydalara uyğun olaraq, məscidə aparılıb. Hazırda İsa müəllimin nəşi evdədir. Təxminən bundan sonra iki saat da gözləyəcəyik. Əgər hökumət səviyyəsində xəbər olmazsa, ailə lazım olanı həyata keçirəcək”.
----------
09:40
Teleqraf.com yazır ki, İsa Muğannanın həyat yoldaşı Firuzə xanım bildirib ki, axşam saat 6 radələrində yazıçının halı birdən-birə pisləşib:
"Ona qədər yaxşı idi. Çimmişdi. Çörək yemişdi. Mətbəx tərəfə getmək üçün ayağa durdu. Kömək eləmək istədim. Gözü yaxşı görmürdü ... Qoymadı. Bir-iki addım atıb qayıtdı, divanda oturdu. Gördüm ki, çətin nəfəs alır. Tez reanimasiyalı təcili tibbi yardım çağırdıq. Həkimlərin köməyi ilə azca özünə gəldi. Nəsə dedi. Amma heç nə başa düşə bilmədik. Mərkəzi klinikaya aparmaq istədilər, qoymadım. Həkimi Əli müəllimə zəng etdim, o da evdəki həkimlərlə danışandan sonra dedi ki, qərar sizindir. Mən fikrimi dəyişmədim. Bilirəm axı, bu vəziyyət nə deməkdir... Beləcə, İsa qəfildən, gözümüzün qabağındaca keçindi. Heyif oldu İsa, o cür insan, o cür yazıçı, o cür kişi..."
----------
08:59
Azərbaycanın tanınmış yazıçısı İsa Hüseynov ( Muğanna) dünyasını dəyişib. Bu barədə APA-ya İ. Hüseynovun qızı Sevinc Hüseynli məlumat verib.
Yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. S. Hüseynlinin sözlərinə görə, atası yataq xəstəsi olmayıb. Gecə saat 00.00 radələrində isə qəfildən dünyasını dəyişib.
Ailəsi İsa Hüseynovun nə vaxt dəfn ediləcəyini hələ dəqiqləşdirməyib. Sevinc Hüseynli bildirib ki, yazıçının nəvəsi Azərbaycandan kənarda yaşayır və dəfn üçün onun gəlişini gözləyəcəklər.
İsa Hüseynovun ailəsi onun dəfn yerinin də dövlət qurumları ilə bu gün müzakirə edəcək.
İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dili oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.
Mənbə:Milli.Az