Qadin.NET / Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı gizli saxlanılır

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı gizli saxlanılır

 

 

Gülnarə Musabəyova: "Bizim rəsmi statistikanı açıqlamağa ixtiyarımız yoxdur"

Azərbaycanda autizm xəstəsi olan uşaqların sayı gizli saxlanılır. Ölkədə autizm xəstələrinin sayının dünyada bu xəstəliklə doğulan uşaqlarn sayından artıq olduğu bildirilsə də, rəsmi statistik məlumatlar açıqlanmır. 

Movqe.az ölkəmizdə autizm xəstəsi olan uşaqların sayı ilə bağlı rəsmi məlumat almaq üçün Şəhər uşaq psixonevroloji dispanseri ilə əlaqə saxlayıb. 

Xəstəxananın baş həkimi Gülnarə Musabəyova Movqe.az-a açıqlamasında Azərbaycanda autizm xəstəsi olan uşaqların sayını açıqlamaqdan imtina edib. Xəstəxananın baş həkimi bildirib ki, Azərbaycanda autizmlə doğulan uşaqların sayının artması barədə xəbər həqiqətəuyğun deyil: "Dünyada bu statistika necədirsə, bizdə də elədir. Yəni Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı artmayıb. Bizim rəsmi statistikanı açıqlamağa ixtiyarımız yoxdur".

G. Musabəyova Azərbaycanda bəzi rayonlarda qeydiyyatdan kənarda qalan autizm xəstəsi olan uşaqların olduğunu təsdiqlədi. G. Musabəyova nədənsə bəzi rayonlarda belə xəstə uşaqların qeydiyyata düşmədiyini bildirdi. 

Qeyd edək ki, aprelin 2-də Ümumdünya Autizmi Məlumatlandırma Günü qeyd ediləcək. Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İçtimai Birliyinin sədriÇiçək Məmmədli virtualaz.org saytına bildirib ki, hazırda dünyada hər 88 uşaqdan 1-i, Azərbaycanda isə hər 100 uşaqdan 2-3-ü autizmli doğulur. Mütəxəssis ölkəmizdə autizmli uşaqların dəqiq statistikasının aparılmadığını, belə uşaqların rəsmi statistikadan dəfələrlə çox olduğunu vurğulayıb: "Bizim hesablamalarımıza görə, hazırda ölkədə 4 minə yaxın autizmli xəstə var. Halbuki rəsmi qeydiyyatda olan autizmli uşaqların sayı 90 nəfər göstərilir. Bu sindromla diaqnoz qoymaqda çətinliklər var. Bundan əlavə, autizm sindiromu 3 yaşında özünü büruzə verir, yəni bu yaşından sonra diaqnoz qoyulur”.

G. Musabəyova isə 4 minə yaxın autizm xəstəsi ilə bağlı İB-nin açıqlaığı rəqəmlərlə razılaşmır.

G. Musabəyova deyir ki, autizm xəstəsi olan uşaqların dərmanla müalicəsi mümkün olmadığından psixososial korreksiya üsulu ilə müalicəsinin aparıldığını bildirib: "Autizm xəstəliyi uşaqlarda 2 yaşından sonra üzə çıxır. Bu xəstələr nəzərlərini bir nöqtəyə zilləyib ünsiyyətdən qaçır, özlərinə qapanırlar. Biz belə uşaqları ancaq psixoloji metodla inkişafına təkan verən dərmanlarla müalicə edirik. Xəstəliyin bütün dünyada olduğu kimi Azərbaycanda da müalicəsi mümkün deyil". 

Milli.Az

 

1 aprel 2014
GO BACK