Britaniyanın paytaxtı London milyarderlərin sayına görə Avropa liderinə çevrilib. Hazırda bu şəhərdə 67 milyarder yaşayır. Onların hər birinin banklarda minimum 350 milyon funt-sterlinq həcmində hesabları, dünyanın müxtəlif şəhərlərində və ölkələrində ən azı 4 malikanəsi, villa və ya apartamenti var.
Milyarderlərin sayına görə son vaxtlara qədər Avropanın lideri sayılan Paris isə 25 milyarderlə 2-ci yerdə bərqərar olub.
Ümumiyyətlə isə dünyadakı 2170 milyarderin varidatlarının toplam həcmi 3,88 trilyon funt-sterlinqdir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londonda milyarderin sayı dayanmadan artır. Proses belə davam edərsə, Britaniya paytaxtının mərkəzi küçələrindəki evlərin minimal qiyməti 10 milyon funt-sterlinqə çatacaq.
"Beauchamp Estates and Dataloft" konsaltinq şirkətinin Qərbi Avropada böyük fərdi varidatlı fərdlərlə (Ultra High Net Worth İndividuals, UHNWI) bağlı apardığı araşdırmanın sonuclarının yer aldığı hesabatda belə deyilir.
Londondakı milyarderlər arasında Roman Abramoviç və Lakşmi Mittal da var.
Britaniya paytaxtındakı milyarderlərin 60 faizi pullarını özləri qazanıblar. Onların 20 faizi varidat varisləri, 20 faizi isə varis və iş adamlarıdır.
Mənbə: Milli.Az