Qadin.NET / Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Türkiyədə korrupsiya qalmaqalı, məxfi məlumatların yayımlanması, hökumət üzvlərinə qarşı kompromatların yayılması və sosial şəbəkələrin bloklanması fonunda bu gün bələdiyyə seçkiləri keçiriləcək. 

APA-nın məlumatına görə, seçkilərdə 52 milyondan çox vətəndaş 194 300 seçki məntəqəsində səsvermə hüququndan istifadə edə biləcək.
 
Türkiyə mətbuatının məlumatına görə, ölkənin ən böyük meqapolisi sayılan İstanbulda 40 minədək polis əməkdaşı təhlükəsizliyi təmin edəcək. Seçicilər əyalət qubernatorlarını, merləri, əyalət parlamentlərinin üzvlərini, bələdiyyə rəhbərlərini, kənd və rayon başçılarını, habelə kənd məclislərinin üzvlərini seçməlidirlər. Seçki məntəqələri yerli vaxtla 07:00-da açılacaq və səsvermə saat 17:00-dək davam edəcək.
 
Qeyd edək ki, seçkilərdə 26 siyasi partiya öz namizədlərini irəli sürüb. Əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası arasında olacaq.
 
Ankara və İstanbulun hazırkı rəhbərləri hakim partiyanın üzvü olduğundan müşahidəçilərin əsas diqqəti məhz bu şəhərlərə yönələcək. 1994-cü ildən paytaxt meri vəzifəsini tutan Melih Gökçekin seçkilərdəki əsas rəqibi Cümhuriyyət Xalq Partiyası tərəfindən Ankara meri postuna irəli sürülən namizəd Mansur Yavaşdır.
 
İstanbul meri postuna isə şəhərin hazırkı rəhbəri Kadir Topbaş və Milliyyətçi Hərəkat Partiyasının namizədi Mustafa Sarıgül iddialıdır. M.Sarıgül kifayət qədər effektli seçkiqabağı kampaniya apardığından hakim partiyanın əsas rəqibi hesab olunur. 
Mənbə:Milli.Az
30 mart 2014
GO BACK